XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

16 Mart 2020 - 16:26

“Sərt addımlar atmalıyıq…” –“Qanunvericiliyə dəyişikliklər olacaq”

“Epidemiya təhlükəsi olan məqamlarda vətəndaşları qorumaq, onların sağlamlığını təmin etmək məqsədilə çox sərt addımlar atmağa ehtiyac var. Müalicəsi olmayan təhlükəli yoluxucu xəstəliklərin qarşısını almaq üçün çox sərt karantin qəbul edilməlidir. Vətəndaşların qorunması üçün infeksiya mənşəyi olan ölkələrdən Azərbaycan təcrid olunmalıdır. Müvafiq qanunvericilikdə dəyişiklik olacaq və imkan olacaq ki, biz sərt addımlarla Azərbaycan vətəndaşlarını qoruya bilək”.

Bu fikirləri deputat Asim Mollazadə deyib.

“Məsələn, Bakı şəhərində karantin elan edilməsi, şəhərə giriş-çıxışın məhdudlaşdırılması ehtimalı varmı” sualına cavabında deputat bildirib ki, hər şey vəziyyətdən asılı olacaq: “Düşünürəm ki, vaxtında Çin, İran və İtaliya ilə Azərbaycanın əlaqələri kəsilsəydi, bəlkə də ölkəmizə infeksiya daxil ola bilməzdi. Bəzi addımları mən hətta gecikmiş addım kimi qiymətləndirirəm. Bununla yanaşı mühüm amil odur ki, Azərbaycanın səhiyyə sistemi səfərbər edilməlidir. Məsələn, mən sosial mediadan tanış olmuşam ki, karantində saxlanılan şərait uyğun deyil, isti su ilə təminat zəifdir. Şərait düzəlməli, dəyişməlidir. Karantində saxlanılan vətəndaşlar daha yaxşı şəraitdə qalmalıdır. Bununla yanaşı infeksiyaya yoluxmanın qarşısını almağa hesablanan düzgün qərarlar qəbul edilməlidir. Habelə, vətəndaşlar xəbərdar olandan sonra bütün zəruri ləvazimatla təmin olunmalıdır”.

Deputat əlavə edib ki, sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihəsi ilə hələlik tanış olmayıb: “Layihəni bu gün əldə edəcəyəm və sabahkı plenar iclasa hazır olacağam”.

Qeyd edək ki, sabah Milli Məclisin plenar iclasında koronavirusla bağlı qanun layihəsi müzakirə ediləcək. Bu gün müvafiq qanun layihəsi parlamentin komitəsində müzakirə edilir. (AzPolitika.info)