XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2020 - 17:19

Qazaxıstanda fövqəladə vəziyyət elan edilib – Azərbaycan səfirliyində “qaynar xətt” yaradılıb

Fövqəladə vəziyyətlə əlaqədar ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti qeydiyyatda olan azərbaycanlıların 24 saat ərzində rahatlıqla əlaqə saxlaya bilməsi üçün Azərbaycanın Qazaxıstandakı Səfirliyində, Səfirliyin Almatı şəhərindəki ofisində və Aktau şəhərlərindəki Baş konsulluqda “qaynar xətt” yaradılıb.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən verilən məlumata görə, Qazaxıstan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Prezident Kasım-Jomart Tokayev fərmanı ilə ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

“Fövqəladə vəziyyətlə bağlı fərmanda qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən vətəndaşların həyatı və sağlamlığını qorumaq üçün yeni koronavirusun pandemiya elan etməsi ilə əlaqədar Qazaxıstan qanunvericiliyinə uyğun olaraq ölkə ərazisində 16 mart saat 08:00-dan etibarən, 15 aprel 2020-ci il saat 07.00 tarixinədək fövqəladə vəziyyət elan olunub.

Bu gün Prezident Kasım-Jomart Tokayev canlı yayında bununla bağlı xalqa müraciət edib və heç bir təlaşa ehtiyac olmadığını bildirib. O, zərurət yaranarsa fövqəladə vəziyyətin müddətinin uzadılacağını qeyd edib.

Fövqəladə vəziyyət dövründə Qazaxıstan Prezidenti yanında Fövqəladə Hallar üzrə Dövlət Komissiyası yaradılır və ona qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlər verilir.

Fövqəladə vəziyyət dövründə ictimai asayişin qorunması, xüsusilə vacib dövlət və strateji obyektlərin, əhalinin təhlükəsizliyini və nəqliyyatın fəaliyyətini təmin edən obyektlərin mühafizəsini gücləndirilir, böyük ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılır, ticarət və əyləncə mərkəzlərinin, kinoteatrların, teatrların, sərgilərin və digər obyektlərin fəaliyyəti dayandırılır, karantin tətbiq edilir və geniş sanitariya-epidemiya tədbirləri görülür, kütləvi ictimai və idman tədbirlərinin, mərasimlərin keçirilməsi qadağan olunur.

Eyni zamanda, Qazaxıstanın və xarici dövlətlərin diplomatik xidmət əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri istisna olmaqla əcnəbilərin Qazaxıstan ərazisinə daxil olmasına və ölkə ərazisindən istənilən növ nəqliyyat vasitələri ilə çıxmasına məhdudiyyətlər qoyulur.

Bununla yanaşı, tibbi müayinədən və müalicədən boyun qaçıranlara, karantin rejiminə riayət etməyənlərə, epidemioloji vəziyyətin müəyyən edilməsi üçün vacib olan məlumatları gizlədənlərə qarşı cəza tədbirləri nəzərdə tutulur.

Ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti qeydiyyatda olan azərbaycanlıların 24 saat ərzində rahatlıqla əlaqə saxlaya bilməsi üçün Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində “qaynar xətt” yaradılıb.

Vətəndaşlar fövqəladə vəziyyət müddətində üzləşdikləri çətinliklər və onları maraqlandıran sualarla bağlı +7 778 000 2838 əlaqə nömrəsinə müraciət edə, eyni zamanda, səfirliyin Almatıdakı ofisi və Aktau şəhərindəki Azərbaycan Baş konsulluğu və ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, artıq Qazaxıstanda rəsmi şəkildə 9 nəfərdə koronavirus aşkarlanıb, digər bir Orta Asiya ölkəsi Özbəkistanda da ilk koronavirus faktı təsbit olunub.

– Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Nur-Sultan şəhərində “qaynar xətt”in əlaqə telefonu: +7 778 000 2838 – Səfirliyin Almatı şəhərindəki ofisində “qaynar xətt”in əlaqə telefonu: +7 778 786 4670 – Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda “qaynar xətt”in əlaqə telefonu: +7 708 712 7016”, – deyə məlumatda qeyd olunub.