Azərbaycan ictimaiyyətinin başı I Avropa Oyunlarının müzakirəsinə, devalivasiyanın gətirdiyi nigarançılığa qarışdığı bir vaxtda paytaxt Bakıda Xəzərin statusunun müəyyənləşdirilməsi üçün sammit keçirilibmiş. Maraqlıdır ki, bu haqqında məlumatı öz mətbu orqanlarımızdan yox, xarici media quruluşlarından alırıq.
Srtateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Bakıda Xəzərin statusu ilə bağlı keçirilən beynəlxalq sammit başa çatıb. Bu, Xəzərin statusunu müzakirə edən 39-cu sammit imiş və toplantıda mühüm qərarlar qəbul olunub. Hətta Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov sammiti Xəzərin statusunun müəyyənləşdirlməsində sonun başlanğıcı kimi qiymətləndirərək deyib: “Məmnuniyyətlə demək istəyirəm ki, bu gün son mərhələnin başlanğıcına gəldik. Qısa zamanda statusla bağlı tam razılıq əldə edəcəyik. Bundan sonra 2016-cı ildə dövlət başçılarının Astanada zirvə görüşü keçirəcəklər. Bu tarixə qədər işləri bitirərək son razılaşmanın əldə edilməsi üçün çalışacağıq”.
Xəzərin təkinin bölünməsi məsələsində bəzi dövlətlərin ortaq məxrəcə gəldiyini deyən Xələf Xələfov su səthi sərhədlərində isə beş dövlətin beşinin də razılaşdığını bildirib: “İndi sadəcə bəzi detallar üzərində müzakirələr gedir. Astanada keçiriləcək sammitin son zirvə olacağına inanırıq. Yekun müqavilənin 80%-i üzərində razılaşma təmin edilmiş vəziyyətdədir. ” (http://www.dunyabulteni.net/manset/323938/hazar-denizi-bes-ulke-arasinda-bolusuldu)
Topantıda Rusiyanı ölkə başçısının sərhədlərin təyin olunması üzrə xüsusi nümayəndəsi İqor Bratçikov, İranı Xarici İşlər Nazirinin müavini İbrahim Rəhimpur, Türkmənistanı Xəzər Dövlət Komitəsinin sədri Murad Atacanov və Qazaxıstanı isə Xarici İşlər Nazirliyinin səlahiyyətlisi Zülfiyə Amanjolova təmsil edib.
İran diplomatı İbrahim Rəhimpurun məsələylə bağlı “Xəzər – sülh, əməkdaşlıq, dostluq və sabitlik dənizi olacaq” deməsi 20 ildən artıq ciddi müzakirələrə səbəb olan Xəzərin dəniz statusunda bölünməsi ehtimalını artırır. Qeyd edək ki, bu mövqe İranla Rusiyanın əvvəldən irəli sürdüyü tələblər idi və Azərbaycanın bir sıra neft yataqlarının taleyini şübhə altına qoyurdu. Xələf Xələfovun dənizin təki haqqında ümumi razılığa gəlinməməsini yavaş səslə dilə gətirməsi Azərbaycan hökumətinin hələ də bu məsələdə müqavimət göstərdiyini ortaya qoyur.
Qərb və ABŞ-ın dəstəyiylə indiyə qədər öz mövqeyini müdafiə etməyi bacaran rəsmi Bakı dəyişilən geopolitik tarazlıq şəraitində müqavimətinə nə qədər davam edə biləcək? Hər halda bu sualın cavabı Astana sammitində bəlli olacaq.