XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

28 Mart 2020 - 14:41

“İran diplomatları İstanbuldakı qəsdin sifarişçiləridir” –İddia

İranın Türkiyədəki konsulluğunda təmsil olunan 2 kəşfiyyatçı İstanbulda İslam Respublikasının siyasi və hərbi liderlərini tənqid edən iranlı müxalifətçinin öldürülməsinin baiskarıdır.

Strateq.az “Reuters”-ə istinadla xəbər verir ki, bunu anonim qalmaq istəmiş türk məmurlar bildirib.

İttiham Türkiyə və İran arasındakı əlaqələri gərginləşdirə bilər.

Məsud Mouləvi Vərdəncani 14 noyabr 2019-cu ildə qətlə yetirilib.

2 həftə əvvəl dərc edilən hesabatda Vərdəncaninin əvvəllər İranın Müdafiə Nazirliyində kibertəhlükəsizlik sahəsində çalışdığı və sonralar İran hakimiyyətinin vokal tənqidçisi olduğu qeyd olunub. Öldürülməzdən 3 ay əvvəl, avqust ayında o, İranın elit İnqilab Keşikçilərini hədəfə alan sosial media mesajı paylaşıb. “Mən korrupsiyaçı mafioz komandirlərin kökünü kəsəcəyəm. Bunu etməzdən əvvəl məni öldürməmələri üçün dua edin”.

İranın Türkiyədəki səfirliyində və konsulluğunda heç kim Vərdəncaninin ölümü ilə bağlı şərh çağırışlarına cavab verməyib. İran hökumətinin qətl hadisəsində iştirak etməsi ilə bağlı suala cavab verən İstanbul polisinin nümayəndəsi də istintaqın davam etdiyini əsas gətirərək şərhdən yayınıb.

Qətldən bir həftə sonra ABŞ-ın dövlət katibi Mayk Pompeo bunu “şübhəli sui-qəsd cəhdlərinin daha bir faciəli nümunəsi” kimi səciyyələndirib.

Türkiyə hakimiyyəti o zaman İran hökumətini ittiham etməyib. Amma iki yüksək səviyyəli Türkiyə rəsmisi Ankaranın indi Vərdəncaninin öldürülməsi məsələsini gündəmə gətirəcəyini söyləyib.

Şübhəli qismində saxlanılan türklər və iranlılar İran konsulluğundakı 2 kəşfiyyatçının əmri ilə hərəkət etdiklərini bildiriblər. “Həbs olunan şəxslərin ifadələrində diplomatik pasportları olan bu iki iranlının sui-qəsd üçün əmr verdiyi qeyd olunub”.

Türkiyə rəsmisi “İran vətəndaşlarının qətlin təşəbbüsündə və koordinasiyasında ciddi rol oynadığına dair” dəlil olduğunu söyləyib.

Hər iki türk rəsmisi Ankaranın Vərdəncaninin öldürülməsi ilə əlaqədar İrana rəsmi cavab verəcəyini bildirib.

İkinci Türkiyə rəsmisi Vərdəncaninin ölümünü 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda jurnalist Camal Xaşuqcinin öldürülməsi ilə müqayisə edib.

Türkiyə və İran arasındakı münasibətlər Suriyadakı vətəndaş müharibəsinə görə hazırda çətin sınaqdan keçir. Suriyanın İdlib bölgəsində Türkiyənin dəstəklədiyi üsyançılara qarşı hücumda İran dəstəkli döyüşçülərin rolu  Türkiyəni xüsusilə qəzəbləndirib.