Alman ordusunda tərcüməçi olmuş əfqan əsilli, 51 yaşlı Əbdülhəmid S. İranın nəfinə casusluq etdiyi üçün 6 il 10 aylıq həbs cəzasına məhkum olunub.
Strateq.az “AFP”-yə istinadla xəbər verir ki, martın 23-də Koblenz şəhərində mühakimə olunan həmin şəxs “xəyanət” və “dövlət sirlərini yaymaq” ittihamı ilə həbs edilib.
Koblenz məhkəməsi Əbdülhəmid S.-in arvadı Asiyə S.-i 10 aylıq həbs cəzasına məhkum edib. O, “İran xüsusi xidmət orqanları üçün casusluq fəaliyyəti” və “ərinə kömək etmək”də ittiham olunub.
Almaniyada xəyanət cinayətinə görə ən azı 10 il həbs cəzası nəzərdə tutulur. Hər iki şəxsin cəzası təqsirini etiraf etdiklərinə azaldılıb.
Əfqanıstanın paytaxtı Kabil şəhərində anadan olan Əbdülhəmid S. Koblenz yaxınlığındakı Daun qəsəbəsində, hərbi kazarmada mülki tərcüməçi və mədəni məsləhətçi olaraq çalışıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Əbdülhəmid S.-in İran dövlət orqanları ilə əlaqəsini təkzib edib.
Alman məhkəmə orqanlarının araşdırmasına görə, Əbdülhəmid S. 2013-2017-ci illəri arasında Avropanın müxtəlif şəhərlərində İran kəşfiyyatına bağlı səlahiyyətlilərlə ən azı 8 dəfə görüşüb. O, xidmət müqabilində ən az 38 min dollar mükafat alıb.
Əbülhəmid S.-in arvadı Asiyə S. 2016-cı ildən bəri İran kəşfiyyatının kuryeri olub.
Koblenzdəki məhkəmə prosesi dövlət sirlərini qorumaq naminə qapalı keçirilib.
“Der Spiegel”-in iddiasına görə, İranın Kəşfiyyat Nazirliyi üçün işləmiş Əbdülhəmid S. Almaniyanın Əfqanıstandakı hərbi missiyası ilə bağlı həssas və məxfi məlumatlara da sahib ola bilər.
Almaniyada daxili kəşfiyyatdan məsul olan Konstitusiya Mühafizə Agentliyi (BfV) İranı, Çin və Rusiya ilə birlikdə, Almaniyada casusluqla məşğul olan ən nüfuzlu ölkələrdən biri olaraq görür.
Ötən il Almaniyada bir İran diplomatı “Mücahidin-e Xalq” təşkilatına qarşı terror hazırlamaq ittihamı ilə həbs edilib.