XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2016 - 21:59

Nazirlər Kabineti qərar verdi,“İçərişəhər”də tikinti qaydaları dəyişdi

nazirler-kabineti

Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edib.

Əsasnaməyə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonası Qoruq ətrafında müəyyən edilən əlavə tənzimləmə sahəsidir.

Zona Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə razılaşdırılmış plan-sxemdə əks olunan ərazini əhatə edir. Zonanın şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır.

Əsasnaməyə edilən dəyişiklik isə Mədəniyyət və Turizm Nazirliyinə yeni səlahiyyət verilməsi ilə əlaqədardır.

Belə ki, bu dəyişikliyə qədər zonada inşaat-təmir işləri aparan fiziki və hüquqi şəxslər arxeoloji tapıntı, yaxud abidə aşkar etdikdə, işləri dərhal dayandırmalı, bu barədə Nazirliyə, Bakı Şəhər İcra Hakimiyyətinə, İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verməli idilər.

Bu zaman isə tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi, Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilirdi. Mədəniyyət və Turizm Nazirliyinə və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tədqiqat işləri barədə hesabat, abidə, əşya və ya başqa tapıntı aşkar edildikdə isə onun koordinatları və fotoşəkilləri təqdim olunurdu.

Hazırkı dəyişikliyə əsasən isə, bundan sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin davam etdirilməsi barədə qərar qəbul edildikdən sonra görülən işlər Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti ilə davam etdiriləcək. Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri isə mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, idarənin icazəsi və nəzarəti ilə davam etdirilə bilər.

Apa.az