Oliqarxların qara günləri – TƏHLİL
Azərbaycanda oliqarxların qızmar yayı davam edir. Demək olar ki, hər gün hakimiyyətə yaxın bir iş adamı hüquq-mühafizə orqanı işçiləri qarşısında boynunu bükməyə vadar olur. Baş verənlər obıvatelə anlaşılmaz görünsə də, ortada ciddi fakt mövcuddur. Büdcəsi cəmi 18 milyard olan ölkədə 6 milyardlıq kredit mənimsənilməsi müzakirə mövzusudur. Kifayət qədər böyük məbləğdir. Manatın devalvasiyasını, neftin qiymətinin aşağı düşməsini nəzərə alsaq, ortada bir oliqarx qiyamının da ola biləcəyini ehtimal edə bilərik. Vəziyyətin ciddiliyinə həm də o dəlalət edir ki, “edam kötüyü”nə çıxarılanlar ölkənin biznes sferasında böyük nüfuz sahib olan simalardır.
Ukraynada, Gürcüstanda oliqarxların siyasi hakimiyyətləri titrətdiyini nəzərə alsaq, bu qədər böyük məbləğin hansı ünvanlara getdiyinin törədə biləcəyi fəsadları da təxmin edə bilərik.
Bir sözlə, yeni həbslər ən müxtəlif rakurslardan təhlil edilir. Kənar baxışla görünən odur ki, iqtidar maliyyə böhranından çıxış yolları arayır və oliqarxların maraqları ilə siyasi elitanın mənafeləri arasında tərs mütənasiblik yaranıb. Post-sovet məkanında oliqarxiyanın məxməri inqilablar etdiyi bir zamanda Azərbaycanda milyardları mənimsəməkdə günahkar bilinən iş adamlarının həbsi inqilab mövzusunu yenidən aktuallaşdırır. Bu, nə dərəcədə realdır? Azərbaycan kimi ölkələrdə kənar dəstək olmadan inqilab həyata keçirməyin imkansız olduğunu nəzərə alsaq belə suala cavab tapmaq zorundayıq – kim edəcək bu inqilabı – ABŞ, Rusiya, İran, yoxsa başqa bir güc mərkəzi?
İnqilab demokratik seçki mühiti olmayan ölkələrdə baş verir. Bir çox daxili və xarici amillər inqilab amilinə skeptik yanaşmağa əsas verir. Əvvəla, ölkədə iqtidardan kütləvi narazılığa baxmayaraq, sosial partlayışlar hələ də idarə olunmaz həddə çatmayıb.
Digər tərəfdən, Azərbaycan kimi böyük önəm kəsb edən ölkələrdə inqilab yalnız xalqın öz istəyi ilə baş vermir. Burada xarici amillər də olduqca önəmli rol oynayır. Onu da unutmaq olmaz ki, istər dünyanın aparıcı ölkələrində baş vermiş inqilabların, istərsə də “ərəb baharı”nın təhlili göstərir ki, proseslərin taleyi küçə və meydanlarda deyil, hansısa uzaq kabinetlərdə həll edilir.
Rusiya-ABŞ qarşıdurmasının pik həddinə çatdığı zamanda Azərbaycanda xaos (idarə olunan və ya olunmayan) supergüclərin marağında deyil. ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə adətən “məxməri inqilablar” baş verir. Bunu reallaşdırmağın yolu isə seçkilərdən keçir.
Lakin belə bir variantın reallaşdırılması üçün ölkədə seçici fəallığı son dərəcə yüksək olmalı və yüz minlərlə insan öz səsini sona qədər qorumağı bacarmalıdır.
Digər tərəfdən, inqilab birdən-birə baş vermir. İnqilaba hansısa hadisə vəsilə ola bilər, lakin onu yetişdirən səbəblər daha dərin köklərə malikdir. Cəmiyyətin passivliyi fonunda ən yaxşı halda insanları mitinq və etirazlara səsləmək mümkündür, bu isə inqilab effekti yarada bilməz.
Azərbaycanda hazırda situasiya o dərəcədə qeyri-müəyyəndir ki, yeni meydana çıxacaq istənilən inqilabçı liderliyə namizəd anındaca hakimiyyətin təqiblərinə məruz qalmalı olacaq. Düzdür, inqilabın və onu idarə edən liderin özəlliyi ondadır ki, gözlənilməyən zaman bütün proseslər ssenaridən çıxa bilər.
Siyasi kataklizmlər isə təhlükəsi hər an gözləniləndir. Onu da nəzərə alsaq ki, kataklizmlər özü də birdən-birə baş vermir, vəziyyətin heç də proqnozlaşdırıla bilməyəcəyini deyə bilərik. ümumilikdə isə inqilablar bir qayda olaraq özü ilə təlatümlər və dağıntılar gətirir. İnqilab yolu ilə devrilən iqtidarların taleyi nə qədər acı olursa, hakimiyyətə gələn qüvvələrin karyerası da bir o qədər xoşagəlməz olur. İnqilablar adətən təkrarlanır. Bu isə dövlətin əsaslarını sarsıdır. İnqilab yolu ilə devrilən siyasi qüvvələrin hakimiyyətə qayıdış şansı son dərəcə minimal olur. Seçki yolu ilə məğlubiyyətə uğrayanlar isə bir müddət keçdikdən sonra yenidən hakimiyyətə qayıda bilirlər. Hansı yolu seçməyi isə siyasi qüvvələr özləri həll edəcəklər. İlk növbədə isə bunun məsuliyyəti iqtidarın üzərində qalacaq.
Daha bir önəmli fakta diqqət yetirək. Qərb anlayır ki, Azərbaycanda oliqarxlar müxalifətin tərəfinə keçməsə bu ölkədə inqilab barədə düşüncələr reallaşa bilməyəcək. Ukraynadakı son proseslər milyonlarla maliyyə hesabına gerçəkləşdirilə bildi. Böyük proseslər üçün maliyyə əsas şərtdir. Məhz oliqarxları müxalifətə keçməyə sövq edəndən sonra Qərb Ukrayna müxalifətini silahlanmaq, milli qvardiya yaratmaq, klassik inqilaba hazırlaşmaq barədə bəyanatlar verməyə sövq etdi.
Bu gün hiss olunur ki, Qərb Azərbaycandakı bir çox siyasi qüvvələri siyasi həyatdan silmək, onların yerinə oliqarx və gəncləri gətirmək istəyir. Klassik müxalifət bu proseslərdə yuxarıda adı çəkilən təbəqə ilə əməkdaşlıqla özünü qoruya bilər. Ukraynadakı son proseslərin öyrətdiyi dərslərdən biri də məhz budur. Hakim klanın iqtisadiyyatı tam nəzarətə götürməsi insanların kəskin etirazına səbəb olur, pulların bölünməsində digər qruplar kənarda saxlanılır. Ən müxtəlif qrupların maraqlarının get-gedə sıradan çıxarılması savaşların miqyasını böyüdür. Bu isə inqilaba yol açır. Son həbslərin pərdəarxası bu tendensiyadan xəbər verə bilər…
Azər Rəşidoğlu