XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 18:51

FAZİL MUSTAFA “DƏLƏDUZ JURNALİSTLƏR”DƏN YAZDI:"Hansısa deputatdan beş-on manat alıb..."

Fazil MUSTAFA,

Milli Məclisin deputatı

 

Fürsətcillik yalnız maska, spirt, qiymətlərin süni şəkildə qaldırılmasında deyil. Jurnalistikada da, sosial şəbəkədə də “vətənpərvərlik poqonları”nı taxıb avaralanan bəzi fürsətcil dələduzlar var.

Bunlar, bilirsiniz, nə edirlər? Xalqın duyğuları ilə oynayaraq, yanlış informasiya ilə kimlərisə hədəfə götürürlər, kimlərinsə təbliğatını aparırlar.

Baxın, statuslar paylaşırlar ki, filan deputatlar seçicilərə yardım etdi, bəs digərləri? Dərhal da başıboş bir kütlə məsələnin mahiyyətini anlamadan başlayır ucdantutma digər deputatları qınaq obyektinə çevirməyə.

Bu davranışa ona görə “dələduzluq” deyirəm ki, səbəbini bilirəm: hansısa deputatdan beş-on manat alıb, yaxud da hansısa deputat xahişini aşırıb, vəssalam, onun təbliği naminə hamını hədəfə çevirməyə başlayırlar!

Kiminsə imkanı səviyyəsində seçicilərinə kömək etməsi çox yaxşı işdir və əminəm ki, deputatların böyük əksəriyyəti səssiz-səmirsiz bunu edirlər. Həm də dövlətin yaratdığı fonda da vəsait köçürərək, dövlət tərəfindən də bu dəstəyin göstərilməsinə yardımçı olurlar.

İndi karantin qaydalarına görə, deputat köməkçiləri də bayıra çıxmaq imkanına sahib deyillər, insanlarla geniş əlaqə saxlaya bilmirlər. Bu işi dövlətin sosial müdafiə qurumları koordinasiyalı şəkildə edir və etməlidirlər də!

Deputatın biznes fəaliyyəti ilə məşğul olması qanunla yasaqdır, əməkhaqqından başqa gəlir mənbəyi, normalda, olmamalıdır. İstisna olaraq pedaqoji fəaliyyətdən də, inanmıram ki, elə də əhəmiyyətli gəlir əldə etsin. Üstəlik də, əməkhaqqından müəyyən bir hissəni də koronavirusla mübarizəyə dəstək üçün yönəldir. Özünün də hansısa rəsmi və zəngin fondu yoxdur. O halda xərclədiyi vəsait ya obyektlərinin gəlirlərindən, ya da aldığı rüşvətdən olmalıdır. Bu kimi neqativ faktlar da ortaya çıxan kimi, edilən xeyirxalığı da unudan məhz bu sosial şəbəkə və media dələduzları olur ki, başlayırlar şivənə: bəs, deputat niyə qanunsuz fəaliyyətlə məşğul olur?

Qəribə parodoksdur, adamdan həm təmizlik tələb edir, həm də sövq edirlər ki, haradan istəyirsən, qazan və seçiciyə pul xərclə!

Şəxsən mən seçki dairəmdə əsasən tənha yaşlılar üçün dəstəyi, gücüm yetən səviyyədə, edirəm. Çünki onların internetə girib dərdini çatdırmaq, yaxud da marketə getmək imkanları belə, olmur. Digər müraciətlərini də yerli icra hakimiyyətinə və sosial müdafiə qurumuna yönləndirirəm ki, həqiqətən, imkanı olmayan kimsə unudulmasın.

Bütün ehtiyacı olan insanlara köməklik göstərmək üçün deputatların maddi imkanı yoxdursa, onları ucdantutma hədəfə çevirmək tərbiyəsizlik deyilmi? Kimisə təbliğ etmək istəyirsinizsə, edin! Kiməsə yarınırsınızsa, yarının! Ancaq başqalarını o halda ittiham edə bilərsiniz ki, səlahiyyət və imkan sahibi olsun, lakin öz səlahiyyətlərini yerinə yetirməsin.

Bu addımla həm də dövlətin etdiklərini də kölgə altına salırsınız. Çünki dövlət özü vətəndaşına lazımi səviyyədə sahib çixir, bu dəstəyi ala bilməyən insanlara da hamılıqla kömək etməliyik ki, bu çətin günlərdə unudulmasınlar.