XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2016 - 18:59

ABŞ tarixinin “ən gülməli” seçki prosesində debatlar:Demokratlar daha yaxşı təsir bağışlayır

debat-ABSH-prezident-seckileri

 

ABŞ-da start götürən prezident seçkiləri marafonu bütün dünyanın diqqətini cəlb edib. Namizədlər, onların şəxsiyyəti, proqramları, açıqlamaları, seçki kampaniyasının ən kiçik detalları belə, maraq dairəsindədir. Azərbaycanda da ABŞ-dakı prezident seçkiləri ilə bağlı hadisələri böyük maraqla izləyirlər. Bunu nəzərə alaraq, Strateq.az dünyanın ən maraqla izlənilən seçki prosesini ətraflı işıqlandırmağa çalışır. Hazırda Fulbrayt proqramı ilə Amerikada təhsil alan Kənan Qasımov Strateq.az üçün  ABŞ-dakı  prezident seçkiləri ilə bağlı silsilə yazılar hazırlayır. Bu silsilədən 5-ci  məqaləni təqdim edirik.

____________________________________________________________________________________________________________

 

ABŞ prezidentliyinə seçkilərdə televiziya debatlarının rolu böyük əhəmiyyət kəsb edir. Debatlar teleşirkətlər üçün olduqca vacib kommersiya layihəsi, namizədlər üçün isə geniş publika ilə ünsiyyət qura bilmək və dəstək toplamaq üçün əvəzolunmaz bir fürsətdir. Bir çox hallarda seçkilərin nəticələri, namizədlərin teledebatlardakı çıxışından birbaşa asılı olur. Prezidentliyə iddialı olan şəxslərin debat müddətində dedikləri, duruşları, görünüşləri və hətta adi mimikalarına qədər hər şey debatsonrası ciddi müzakirə mövzusu olur.

Bu səbəbdən, debatlarda özünü yaxşı tərəfdən göstərmək seçkilərin ümumi nəticəsinə də müsbət təsir etmək baxımından əhəmiyyətlidir. Teledebatların orta izləyici sayı təxminən 12-13 milyon nəfərə yaxındır. Təbii ki, ölkə əhalisinin ümumi sayını nəzərə alsaq, bu rəqəm elə də yüksək səslənməyə bilər. Amma o da qeyd olunmalıdır ki, Amerika seçicisinin siyasi aktivliyi elə də yüksək deyil və xüsusilə hazırki debatlar partiyadaxili namizədlər arasında aparıldığından, mövcud tamaşaçı sayı kifayət qədər ciddi rəqəm hesab olunur.

 

Medianın sevimlisi Donald Trampdır

 

Ümumiyyətlə, media ABŞ-da seçki prosesində ən fəal iştirak edən institutların başında gəlir. Media seçki materialları ilə həm oxucu, izləyici cəlb edir, eyni zamanda da namizədlərin seçki siyasətinə ciddi təsir göstərir. Seçkilər medianın gəlirlərinə müsbət mənada böyük təsir göstərir və media bu imkandan maksimum şəkildə faydalanır. Bütün namizədlər çalışırlar ki, media ilə əlaqələrində diqqətli olsunlar və mümkün qədər müsbət imic formalaşdırsınlar. Medianın diqqət mərkəzində olmaq dolayısı ilə ictimaiyyətin diqqətində olmaq deməkdir.

Hazırda istisnasız demək olar ki, haqqında ən çox danışılan və yazılan namizəd biznesmen Donald Trampdır. Ziddiyətli, gözlənilməz hətta bəzi hallarda ABŞ prezidentliyinə yaraşdırılmayan ifadələrlə gündəmdə qalmağı bacaran Trampın haqqında yazılanlar heç də həmişə müsbət olmur, amma əsas odur ki, oxunur, diqqət çəkir. Onun respublikaçı namizədlər arasında lider mövqeyini qoruyub saxlamasının mühüm səbəblərindən biri kimi, məhz bu faktoru önə çəkmək olar. Tramp, nə qədər tənqid olunsa da, media üçün maraqlı  və cəlbedici şəxsdir. Onun qaldırdığı məsələlər, səsləndirdiyi fikirlər dərhal medianın diqqətini çəkir. Şübhəsiz ki, digər ölkələrdə olduğu kimi, ABŞ-da da əhalinin böyük əksəriyyəti məhz mübahisəli, qeyri-adi xəbərlərə, məlumatlara daha çox diqqət ayırır. Bu isə Trampın işinə yarayır. Qısaca demək olar ki, media ona lazım olan namizədi artıq tapıb və onun üzərindən öz tamaşaçı kütləsinə çıxış əldə edir.

 

Respublikaçılarla Demokratları debatlarda nə fərqləndirir?

 

Respublikaçı partiyanın namizədləri ilə Demokrat namizədlər arasında gedən debatlar da bir-birindən ciddi fərqlənir. Hətta hazırki məqamda Respublikaçıların debatını “realiti şou”ya bənzədənlər də var. Respublikaçı namizədlər arasında mübahisə bəzən o həddə çatır ki, izləyici bir anlıq ölkənin gələcək prezidentləri olmaq uğrunda mübarizə aparan şəxslərin teledebatına deyil, hansısa “məzəli tolk-şou”ya baxdığını düşünür. Namizədlər seçki platformalarından, real problemlərdən danışmaq əvəzinə, bir-birilərinə qarşı qeyri-etik atmacalar səsləndirir, qeyri-ciddi mövzular ətrafında uzun-uzadı mübahisələr edirlər. Təsadüfi deyil ki, builki seçkilər ABŞ tarixinin “ən gülməli” seçki prosesi kimi xarakterizə olunur.

Demokratlar cəbhəsində isə mənzərə tamamilə fərqlidir. Hər iki namizəd – həm xanım Hillari Klinton, həm də senator Berni Sanders debat müddətində və ümumiyyətlə, seçki dövründə bir-birilərinə qarşı münasibətlərdə etik çərçivələri keçməməyə çalışır  və əsasən ölkə gündəmini narahat edən məsələrlə bağlı öz baxışlarını, siyasətlərini müdafiə edirlər. Bir ciddi izləyici kimi, demokrat namizədlər arasında gedən mübarizə daha məzmunlu və maraqlı təsir bağışlayır.

Bütün bunların yekun seçkilərə necə təsir göstərəcəyini proqnazlaşdırmaq indiki mərhələdə bir qədər çətindir. Doğrudur, Trampın və Klintonun seçki marafonunu lider kimi başa vurmaq və müvafiq olaraq öz partiyalarını prezident seçkilərində təmsil etmək ehtimalları digər namizədlərlə müqayisədə daha yüksəkdir, amma unutmaq olmaz ki, hələ ştatların yarıdan çoxu öz səslərini verməyib və növbəti səsvermələr nəticələri əsaslı şəkildə dəyişə bilər…    

* 

Kənan Qasımov

Xüsusi olaraq Strateq.az üçün