XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 Aprel 2020 - 11:00

“İnsanlar SOCAR-la bağlı ittihamların cəfəng olduğunu yaxşı görürlər” –Vüqar Rəhimzadə

“SOCAR-la, şirkətin rəhbərliyi ilə bağlı bəzi fikirlər səsləndirən insanlar SOCAR-ın işgüzar nüfuzuna müəyyən mənada xələl gətirməyə çalışan insanlardır”.

Bunu “Report”a “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Türkiyədə “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun həbs olunmasının SOCAR-la əlaqəli olması ilə bağlı sosial şəbəkələrdəki bir qrup insanların ittihamlarına münasibət bildirərkən qeyd edib.

O deyib ki, bu cür fikir səsləndirən insanlar düşünmədən, daşınmadan ittihamlar irəli sürürlər. “Türkiyə böyük, hüquqi dövlətdir. Türkiyə həm tarixi, həm də dünyaya inteqrasiya prosesləri baxımından kifayət qədər önəmli rol oynayan və dünyada söz sahibi, fikir sahibi, dünya siyasətinə təsir etmək imkanları olan dövlətlərdən biridir. Türkiyə qüdrətli dövlətdir. Türkiyənin hüquqi çərçivəyə söykənən, yüksək səviyyəli qanunları var. İstər Azərbaycanda, yaxud digər dövlətlərdə olsun, kimsə qanunları pozursa, müəyyən məsələlərdə qanunlara itaətsizlik edirsə, təbii ki, qanun qarşısında məsuliyyət daşımalıdır. Türkiyənin qanunları ilə də belə bir qərar qəbul olunub. Bu qərarı Azərbaycanda müəyyən təşkilatlar, müəyyən fərdlərlə bağlayan insanlar Türkiyənin qüdrətindən, gücündən bixəbər olan insanlardır”, – V.Rəhimzadə vurğulayıb.

O qeyd edib ki, Türkiyə hansısa fikirlərlə idarə olunan dövlət deyil, qanunlarla idarə olunan dövlətdir: “Belə fikirlərin səslənməsi tamamilə cəfəngiyatdır. SOCAR dünyada fəaliyyət göstərən böyük bir qurumdur və hesab edirəm ki, SOCAR öz məqsədlərinə uyğun planını qurur. Türkiyə ədalətli ölkədir və qanun çərçivəsində öz qərarları olacaq. Amma bunu Azərbaycanla, SOCAR kimi qurumla bağlamaq cəfəng fikirlərdir. Siyasətdən yüngülvari anlayışı olan, geosiyasətdən müəyyən qədər təsəvvürü olan insanlar bunun doğrudan da cəfəng fikirlər olduğunu yaxşı görürlər”.

O xatırladıb ki, SOCAR son illər böyük qlobal layihələr reallaşdırıb. “Kimsə uğurları qəbul etmir, həzm etmir, şəxsi yanaşmasını ortaya qoyaraq subyektiv yanaşma ilə belə fikirlər səsləndirir. SOCAR dünyanın bir çox ölkələrində Azərbaycanın mənafeyi naminə o layihələri reallaşdırır ki, Azərbaycan daha qüdrətli, güclü dövlət olsun. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, tapşırığı ilə SOCAR icra qurumu olaraq layihələri icra edir və hesab edirəm ki, bu, Azərbaycana yalnız dividend, uğurlar gətirər”, – V. Rəhimzadə əlavə edib.