“İlham Əliyevin səfəri çərçivəsində Bolqarıstan rəsmiləri “Nabukko”nun reallaşmayacağına bir daha əmin oldular”
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana reallaşan səfəri zamanı bir sıra mühüm razılaşmalar əldə olunub. Səfərin yekununa həsr olunan mətbuat konfransında hər iki prezident jurnalistləri maraqlandıran sualları cavablandırıb.
İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Bolqarıstana budəfəki səfəri zamanı bu əlaqələrin müxtəlif aspektlərinin müzakirə olunduğunu söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, Bolqarıstan ilə Azərbaycan arasında siyasi əlaqələr güclüdür və bu əlaqələrin gözəl perspektivləri var: “ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı mövcuddur. Bolqar şirkətlərinin Azərbaycana investisiya qoymaq perspektivləri də böyükdür”.
Dövlət başçısı Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə toxunaraq, bu layihənin Avropanı Asiya ilə birləşdirməkdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bolqarıstanda keçirdiyi görüşlər zamanı müzakirə olunan məsələlər içərisində enerji layihələrinin əsas mövzu olduğunu vurğulayan Prezident İlham Əliyev bu baxımdan Cənub Qaz Dəhlizinin önəmindən danışıb. Bildirib ki, TANAP və TAP layihələrinin tikintisi Cənub Qaz Dəhlizi layihəsini formalaşdırır və bundan sonra da Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu davam etdirəcək. Bolqarıstanın da Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev gələcəkdə tranzit ölkə kimi Bolqarıstanın həmin layihədə mühüm rol oynayacağını vurğulayıb.
Baş nazir Boyko Borisov qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub və deyib ki, belə səfərlər nəzərdə tutulan layihələrin uğurlu icrasına güclü təkan verir. Baş nazir qeyd edib ki, Bolqarıstanda siyasi hakimiyyəti kimin təmsil etməsindən asılı olmayaraq, hər zaman Azərbaycan və Cənub Qaz Dəhlizi dəstəklənəcək. çünki bu layihə Bolqarıstanın qaz-nəqliyyat sisteminin inkişafına güclü təkan verəcək. Bolqarıstanın baş naziri də Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin önəmindən danışıb. O, ölkələrimiz arasında inşaat, əczaçılıq, səhiyyə, kənd təsərrüfatı, idman və digər sahələrdə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda Bakının ev sahibliyi etdiyi və Cənub Qaz Dəhlizi layihəsinin planlaşdırılmasına həsr olunan tədbirdə “Nabukko”dan kənarda qalan ölkələrin də həmin layihədə yer ala biləcəyinin vacibliyi vurğulanmışdı. Bəllidir ki, Rumıniya, Macarıstan və Bolqarıstan “Nabukko”dan imtina edib.
Prezident İlham Əliyevin Bolqarıstana səfəri həmin ölkələrin və konkret olaraq Bolqarıstanın Cənub Qaz Dəhlizi layihəsinə cəlbi baxımından nə dərəcədə əhəmiyyətli sayıla bilər?
Neft məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, “Nabucco West” layihəsinin əvvəlki variantda, yəni 2013-cü ilin ortasınadək Transadriatik boru kəməri (TAP) ilə rəqabət apardığı dövrdəki müddətdə olduğu kimi yenidən reallaşmasını indiki şəraitdə təsəvvür etmək olduqca çətindir: “Azərbaycan Prezidenti İlham Əliyevin Sofiyaya rəsmi səfəri çərçivəsində Bolqarıstanın Baş naziri Boyko Borisov “Nabucco West” layihəsinin bərpa edilməsi təklifi ilə çıxış edərək onunla Azərbaycan qazının Avropaya ötürülməsini istədiyini bəyan edib. Ancaq İlham Əliyev birgə mətbuat konfransında bu təklifə öz fikrini bildirmədi. Hesab edirəm ki, Prezident tamamilə doğru addım atdı.
Sofiyanın istəyi Azərbaycan qazının tranzitindən də əlavə dividendlər əldə etməkdir. Burada onların marağını başa düşmək olar. Bolqarıstan bir müddət sonra analoji təkliflə Türkiyədən Avropaya “Türk Axını” layihəsinə də belə bir təkliflə müraciət edəcək. Bu ölkə olduqca ağır iqtisadi vəziyyətdədir və imkan daxilində qazanc əldə etmək istəyir, onu nə boru kəmərinin qiyməti maraqlandırır, nə də investorların imkanları, təki özü bir şey qazansın. Azərbaycanın isə TAP qarşısında öhdəliyi var.
“Şahdəniz” konsorsiumu öz seçimini edəndə və TAP-la müqavilə bağlayanda öhdəlik götürüb ki, əvvəlcə 10 mlrd kub metr qaz, sonra isə 20 mlrd qaz həcmi verməyə borcludur. Həmin əlavə həcmlər isə “Şahdəniz-2” yatağının işlənməsindən deyil, digər yataqların hesabına başa gələcək.
Hesab edirəm ki, İlham Əliyevin səfəri çərçivəsində Bolqarıstan rəsmiləri “Nabukko” nun reallaşmayacağına bir daha əmin oldular. Onların TAP-ı dəstəkləməkdən başqa çarələri qalmadı”.