XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 21:48

Azərbaycanın Rusiyadakı Səfirliyi koronavirusla bağlı çağırış edib

Azərbaycanın Rusiyadakı Səfirliyi çağırış edib. 

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, çağırışda deyilir: “Məlum olduğu kimi, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanmışdır. Azərbaycan Respublikasının bir sıra vətəndaşları müxtəlif səbəblərdən ölkəni tərk edə bilməmiş və məcburən Rusiya Federasiyası ərazisində qalmışlar.

Ölkə daxilində tətbiq edilən ciddi karantin tədbirləri səbəbindən onların bir çoxu çətin vəziyyətə düşmüş, praktiki olaraq hər hansı gəlirdən məhrum olmuş, sağlamlıqları ilə bağlı problemlərlə üzləşmiş, bəziləri isə xəstəxanaya yerləşdirilmiş və ya özünütəcrid rejimindədirlər. Çox təəssüf ki, onların sırasında yaşayış və gündəlik qida xərclərini ödəmək iqtidarında olmayan şəxslər də var.

Ölkəmizin məsul vəzifəli şəxsləri və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla daimi əlaqə saxlayan Səfirlik Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və digər rəsmi qurumları ilə koordinasiya edilmiş şəkildə öz diplomatik səlahiyyətləri və məhdud imkanları çərçivəsində vətəndaşlarımızın vəziyyətinin yüngülləşdirilməsi üçün mümkün olan köməkliyi göstərməyə və lazımi tədbirlər görməyə davam edir. Səfirlik yüksək hazırlıq rejiminə keçmişdir və 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılmışdır. Gərgin iş nəticəsində qısa zaman ərzində iki mindən artıq vətəndaşımızın vətənə qayıtması təmin edilmişdir.

Səfirliklə əlaqələndirilmiş şəkildə və ya fərdi qaydada ehtiyacı olan Azərbaycan vətəndaşlarına hər hansı bir köməklik göstərən bütün şəxslərə öz dərin minnətdarlığımızı bildirir və bu cür addımları yüksək qiymətləndiririk.

Səfirlik diaspor təşkilatlarına, iş adamlarına, imkanlı azərbaycanlılara müraciət edərək, Rusiyada yaşayan bütün soydaşlarımızı həmrəylik nümayiş etdirərək, keçmiş fikir ayrılıqlarını, anlaşılmazlıqları geridə qoyaraq və yersiz populizmə, gərəksiz söhbətlərə və təhqirlərə yol vermədən, bir-birlərinə yardım əli uzatmağa və öz həmyerlilərinə istənilən mümkün dəstəyi göstərməyə çağırır.

Səfirlik öz tərəfindən bu cür humanitar fəaliyyətin əlaqələndirilməsini davam etdirməyə hazır olduğunu bildirir və hər bir kəsə sağlamlıq və səbir arzulayır.

Bu gün yaranmış kəskin zərurət qarşısında Rusiyadakı bütün azərbaycanlıları Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmağa dəvət edirik.

İnanırıq ki, müdrik Azərbaycan xalqı bütün dünyanı cənginə almış bu çox ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaq!” – deyə müraciətdə qeyd olunub.