XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 21:47

Niyaz Niftiyevin barəsindəki qərar dəyişdi –Bələdiyyə sədri haqqında 3 ay həbs qətimkan tədbiri seçildi

Nərimanov rayon Məhkəməsində Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. 

APA-nın məlumatına görə,  prosesdə təqdimat təmin edilib və Niyaz Niftiyev barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Faktı N. Niftiyevin vəkili təsdiqləyib.

Xatırladaq ki,  ötən gün Niyaz Niftiyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi. Lakin iş üzrə yeni hallar aşkar edildiyindən, məhkəmə yenidən onun işinə baxıb.

Qeyd edək ki,  Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların  qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Araşdırma zamanı Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar. İstintaqın gedişi zamanı saxta arayışların satıldığı şəxslərin də izahatları alınıb və onlar qeyd edilən saxta buraxılış sənədlərini pul müqabilində Binəqədi qəsəbə Bələdiyyəsindən əldə etdiklərini bildiriblər.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.

Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Niyazi Niftiyev və Sahib Abışov tutularaq istintaqa cəlb olunublar.

Sahib Abışov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.