XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 16:13

“Ordu haqqında əsassız məlumat yayanlar barədə cinayət işi başlanılmalıdır” – Deputat

“Dünyanın bütün ölkələrinin Azərbaycan ilə informasiya müharibəsi apardığı vaxtda hər kəs dediyi hər sözdə ehtiyatlı olmalıdır”

Bunu Milli deputat Asim Mollazadə deyib.

O, son günlər ordu haqqında əsassız fikirlər yazan şəxslərin məqsədlərinin dövləti zəiflətmək olduğunu bildirib:

“Azərbaycan Silahlı Qüvvələri dövlətin ən önəmli və qürurverici təsisatıdır. Hər bir azərbaycanlı Silahlı Qüvvələri qorumağa çalışmalıdır. Ələlxüsus vaxtı ilə orduda xidmət edən, vətənin müdafiəsində iştirak edən şəxslər tərəfindən qorunmalıdır. Düşünürəm ki, müəyyən ictimai nəzarət hər vaxt zəruri olan məsələdir. Ancaq bu, ictimai nəzarətin məqsədindən asılıdır. Yəni məqsəd mövcud vəziyyəti daha da yaxşılaşdırmaq, orduda sağlam mühiti qorumaqdırsa, bu, normal haldır. Əks halda, söhbət Azərbaycan dövlətini, onun Silahlı Qüvvələrini aşağılamaqdan gedirsə, deməli, bu insanların məqsədi fərqlidir. Hər bir vəziyyətə konkret konteksdən baxmaq lazımdır. Unutmaq olmaz ki, bu gün Azərbaycanı dövlətinə qarşı çox ciddi hücumlar var. Müharibə təkcə səngərlərdə getmir, Azərbaycana qarşı az qala bütün dünya informasiya müharibəsi aparır. Məqsədləri də dövləti zəiflətməkdir. Mənə elə gəlir ki, bu vəziyyətdə ehtiyatlı olmaq lazımdır. Azərbaycanın hər bir vətəndaşı daimi ayıq-sayıq, diqqətli olmalıdır, bilməlidir ki, kimlərsə dövlətimizə – xalqımıza qarşı müxtəlif istiqamətlərdə zərbə vurmaq istəyir. Bu məqamda həssaslıq önəmlidir”.

Deputat orduda koronavirusa qarşı mübarizə istiqamətində vaxtında qabaqlayıcı tədbirlər görüldüyünü, yoxlama testlərinin aparıldığını, bütün bu tədbirlərin icrasına nəzarətin gücləndiyini deyib:

“Azərbaycan dövləti pandemiya təhlükəsi ilə bağlı çox ciddi və vaxtında addımlar atdı. Söhbət karantin rejiminin müəyyənləşməyindən, bu rejimdə qabaqlayıcı tədbirlərin görülməsindən, xüsusi məhlulla dezinfeksiya işlərinin aparılmasından, sosial dəstəkdən gedir. Mənə elə gəlir ki, Silahlı Qüvvələrdə nəzarətin olması və yoxlama testlərinin keçirilərək ordunu qorumaq istiqamətində bütün lazımi addımlar atılıb. Azərbaycan Ordusunun pandemiya ilə mübarizəsində dünya ölkələrindən çox ciddi müsbət fərqliliyi var. Çünki vaxtında düzgün addımlar atıldı”.

Milli Məclisin digər deputatı Fazil Mustafa məsələyə hüquqi aspektdən yanaşılmağın adekvat olduğunu bildirib. O deyib ki, ordu haqqında yayılan bütün neqativ fikirlər əvvəlcə araşdırılmalı, fikirlərində böhtan faktı olan şəxslər haqqında cinayət işi başlanılmalıdır:

“Ordu haqqında yayılan əsassız neqativ fikirlərə görə hüquq-mühafizə orqanları faktları diqqətə alaraq dərhal tədqiqat aparmalı və cinayət işi başlatmalıdır. Hansısa nöqsanlar varsa, bunlar deyilməlidir, deyilməyəndə də sabah bunun faciəsini bütün vətəndaşlar görürlər. Ona görə də biz bu məsələdə daha fərqli davranmalıyıq. Yəni neqativ fikirləri səsləndirən insan bunun məsuliyyətini anlamalıdır. Əgər deyilən fikirlərdə böhtan varsa, həmin şəxs buna görə qanun qarşısında cavabdehlik daşıyır”. (Report)