XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 18:06

Azərbaycanda 15-16 yaşdan sonra uşaqlar arasında intihar halları artır

intihar

Bunu trend.az-a Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib.

Onun sözlərinə görə, yeniyetmə yaşlarında intihara cəhd səbəbləri arasında ilkin yerdə romantik münasibətlər, ikinci yerdə isə abituriyentlik dayanır:

“15-17 yaşlı yeniyetmə gərgin və stressli dövr keçirir. İstədiyi nəticə olmayanda bəzən bunu qəbul edə bilmir. Bəzilərinə isə qoyulan tələbləri yerinə yetirə bilmədiyi üçün ailəsi təzyiq göstərir. Nəticədə psixoloji durumu normal vəziyyətdə olmayan yeniyetmə intihar yolunu seçir”.

F.İsmayılov bildirib ki, intihara digər səbəb uşaqların keçid dövrü problemidir.

Onun sözlərinə görə, həmin müddətdə uşaqların müstəqillik arzusu baş qaldırır. Bu zaman ailədə valideynlə uşaq arasında tez-tez konfliktlər ortaya çıxır:

“Hətta çox xırda məsələlər üstündə evdə ciddi söz-söhbət yaranır. Məsələn, uşaq bahalı telefon istəyir, valideyn isə onu almağa imkanının olmadığını bildirir. Bu kimi hallarda uşaqlar valideynlərinin acığına, onları cəzalandırmaq üçün intihar edirlər”.

Hazırda iki əsas tip yanlış valideyn davranışının olduğunu deyən mərkəz direktoru qeyd edib ki, birinci tipə aid olanlar övladlarının maddi təminatını ödəməklə işini bitmiş hesab edir, problemləri ilə maraqlanmır, qayğısına qalmırlar. Digər tip valideynlər isə uşaqlarını həddən artıq sıxırlar, onlarla çox ciddi rəftar edir, lazımsız qadağalar qoyurlar və s.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova trend.az-a açıqlamasında uşaqlar arasında intihar hallarının qarşısının alınması məqsədilə internet təhlükəsizliyi sisteminin yaradılmasını vacib sayıb.

S.Qəhrəmanova bildirib ki, uşaqlar arasında intihar hallarının qarşısının alınması psixoloq institutunun formalaşması məsələsini də aktuallaşdırır. Bu istiqamətdə, xüsusilə məktəb psixoloqları ilə işlər daha da gücləndirilməlidir.

Komitə rəsmisi hesab edir ki, orta məktəbdən əlavə əsas məsuliyyət valideynlərin üzərinə düşür.

Qeyd edək ki, Azərbaycanda 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə 71, 2014-cü ildə isə 50 uşaq intihar edib.

Ümumilikdə dünyada intihar hallarının 60%-i yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depressiya təşkil edir. Ümumiyyətlə isə depressiya keçirən insanların 15%-i intihar edir. İntiharların 41%-nin səbəbi məlum deyil, 19% cəzalanma qorxusuna görə, 18% ruhi xəstəliyə, 18% evdəki məhrumiyyətlərə, 6% ehtirasa, 3% pul itkisinə, 1,4% həyatdan bezdiyinə, 1,2%-i isə fiziki xəstəliyə görə baş verir.