XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2020 - 17:36

Fazil Mustafa “Facebook”dakı bayağı müzakirələrdən yazdı:"Azərbaycanlı olmağın "türkəçarə"si..."

Fazil MUSTAFA,

BQP sədri, Milli Məclisin deputatı

 

Səhər-səhər yuxudan durursan, sağ-salamat günə başladığına görə Uca Yaradana sonsuz şükranlarını bildirdikdən sonra, keçirsən Mark Zukkerberqin ömrünə dua oxumağa və ardınca, girirsən artıq həyatının bir parçasına çevrilmiş “Facebook”a.

Yeri gəlmişkən, mən hər səhər günə başlarkən, Zukkerberqlə yanaşı, Bill Qeytsə də dua edirəm, üstəlik, Stiv Cobbsa də rəhmət oxuyuram. Ancaq bunlardan öncə elektriki bizlərə bəxş etmiş Edisona da şükranlığımı bildirmədən işə başlamıram. Aralarında bir nəfər də müsəlman olmamasına görə bir o qədər də üzülmürəm. Çünki müsəlman kimliyi ilə özünü təqdim edən obrazlardan günaşırı aldığın təhqir və təhdidlərə də şükranlıqla yanaşdığından, işığın, elmin, texologiyanın dəyərini daha dərin duyğularla anlamağa yönəlirsən.

Həm də Allaha daha çox bağlanırsan ki, onun kitabından oxuduqların onların əzbərlədiyindən çox-çox fərqlidir. Saxta millətçi-vətənpərvər obrazlarının da dəyişməz qafalarından gələn “danq-danq” səslərinin simvolik işarələrini də səhifələrdən oxumadan, hiss etməyə başlayırsan.

Ancaq Markın Azərbaycan virtual teatrında hegemon olan şey isə yarısiaysiləşmiş, tam sosiallaşmış məzlumluq duyğusudur! “Facebook” əməlli-başlı əxlaq polisinin yağlı tikə əldə edəcəyi məkana çevrilə bilər. Başını gizlədib, baldırının şəklini paylaşandan tutmuş, “mən bir yazıq dilənçiyəm” şərqisini oxuyanadək, “sizdə mərhəmət duyğusu yoxdurmu?” şəklində virtual ağlaşmalara qədər, dəyişik versiyalar üzərində işləmək üçün xeyli imkanlar mövcuddur.

Evindəkilərin, qonşudakıların, qohumların yanında hörməti olmayan, burada sayğıdəyər bir kimlikdir, çünki o, burada hamıdan vətənpərvərlik tələb edir, əxlaq tələb edir, hökuməti söyür, parlamenti söyür, polisi söyür, məmurları söyür… Hamısının da oxşar özəllikləri budur ki, profil şəkillərində özlərini tarixi şəxsiyyətlərin şəkillərinin arxasında gizlədirlər. Yaxud da hər dəfə onların şəkillərini paylaşmaqla nə qədər sədaqətli, əqidəli kimliklər olduğunu göstərirlər.

Əsgərlikdən yayınmış adamlar “Şuşanın dağlarına niyə qalxmağa qorxursunuz?” deyib üzərinə saldrımağa başlayırlar. Koronavirusun bir ayı keçməmiş “Yandım, partladım, məni çölə buraxın!” deyən Məlikməmmədin qardaşları, bacıları “Niyə Qarabağı işğaldan azad etmirsiniz?!” deyib Məlikməmmədin üstünə bağırırlar. Adam qəbrin üstünə gedir kədərlənməyə, kədərin ortasında yadına düşür ki, kədərininin selfisini çəkib paylaşmasa, iş tamam olmaz. Adam süfrədə qarnını otarır, birdən xatırlayır ki, onun qarnının məziyyətləri barədə “Facebook”da insanları bilgiləndirməmək günahdır. Bunlara mən “Feysbuk yaşmaqlanması” deyərəm.

Daha böyük ehtirasla bir şeylər oxuyub, bir şeylər öyrənib, günün zənginləşmə planını gerçəkləşdirməyə çalışırsan. Həm də gözünü məşəqqətə salıb insanların düşüncəsinə faydalı olacaq yazıları, linkləri, kitablardan iqtibasları paylaşırsan ki, sənin, az da olsa, bildiklərindən yararlana bilsinlər. Bir də ayılıb görürsən ki, artıq bir saat keçib, 49 dəfə “Allah rəhmət etsin” yazmısan, 98 dəfə “Təbriklər”, 43 dəfə “Maşallah”, 34 dəfə “Allah yardım etsin!”, 76 dəfə “Bu məsələ ilə bağlı sosial müdafiə qurumlarına müraciət edin!” 112 dəfə “Xahiş edirəm mətni oxumadan, sadəcə başlığa baxıb rəy yazmayın!” kimi ifadələri ard-arda düzmüsən.

Buna “Feysbuk dostluğu” deyil e, “Feysbuk tostluğu” deyərlər. Səfehliyə, axmaqlığa tost deməsən, dərhal dostluğu itirəcəksən.

Ən çox da utandığın kitab paylaşımı olur. Elə bil, insanların keyfinə soğan doğrayırsan.

Yeri gəlmişkən, soğanın faydaları da “n” qədərdir, bizim mentalitetdə isə faydalı olandan öndə həmişə “ürəyim istəyən” sözü gəlir. “Ürəyim kabab istəyir!” üslubu “Facebook”da “Niyə filan mövzuda, yəni, mənim istədiyim mövzuda paylaşım etmirsiniz?” ürəkistəməsi ilə əvəzlənir.

Sözün kəsəsi, Azərbaycanda sözün bütün mənasında Markı pərişan ediblər. Marka göstərdik ki, biz qədim xalqıq, bizim yeməklərimizdən dünyanın heç bir süfrəsində yoxdur və üstəlik də İşığı sevmirik. Ancaq insafsızcasına sevmədiyimiz şeyi hamıdan çox tükədirik. Bizim sevmədiyimiz İşıq heykəllərindən biri olan Mirzə Cəlilin “Xatirələr”i də “Gözümü açandan dünyanı qaranlıq görmüşəm” cümləsi ilə başlayır. Cümlə isə bitmiş bir fikri bildirən sözə və ya söz birləşməsinə deyilir. Yəni, yuxarıdakı söz birləşməsində fikir bitib. Həm də bu fikir burada, Azərbacanda bitib.

Bizi öyrənmək üçün ayrıca fondlara, psixoloqlara, tədqiqat institutlarına pul xərcləməyə gərək yox. sadəcə Markın bu virtual teatrında oynadığımız rollara diqqət yetirsələr, yetərlidir, məncə. Elə mən də sizcəyəm. Çünki bizim dilimizdə ayrıca “Məncə” yoxdur, “Sizcə” ilə tamamlanmış “Məncə” var.

Başını qoparmağa müsəlmanların pul qoyduğu Salman Rüşdi tipik bir hindli haqqında “İngilis dilinə tərcümə olunmuş hindli” bənzətməsini işlədirdi. İndi ərəb dilinə, fars dilinə, rus dilinə, ingilis dilinə və nəhayət, moltanı dilinə tərcümə olunmuş azərbaycanlıları orijinalına qaytarmaq üçün, ilk öncə, Mirzə Fətəliyə qaytarmaq lazım. Onun mürəkkəbqabındakı mürəkkəbi dərman olaraq içib, beynimizdəki, mədəmizdəki, tariximizdəki, dinimizdəki və günümüzdəki bütün pis qoxulu bakteriyaları çölə ifraz etməliyik. Hansı yolla olur-olsun. Orijinal Azərbaycanlı olmağın başqa “türkəçarə”sini görə bilmirəm. Yenə də mətləb gəlib həmən görmədiyimiz İşığa dirənir.