XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 14:15

“Kawasaki“ sindromu olan uşaqların hamısı yenidən ciddi müayinə olunmalıdır” –Köln Universiteti Klinikasının tibb elmləri doktoru

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev uşaqların COVID-19-u yüngül keçirməsi ilə bağlı fikirlərə münasibət bildirib.

N.Abdullayev deyib ki, uşaqların bu virusa yoluxmaması və ya nisbətən daha yüngül keçirməsi hələ pandemiya başlamazdan öncə inandırıcı deyildi:

“Bunu bir daha aparılan son elmi tədqiqatlar da göstərdi. Belə ki, yaş qrupundan asılı olmayaraq, bütün insanlarda COVID-19 virus yükünün miqdarında xəstəliyin eyni günündə böyük fərq yoxdur və yoluxduruculuq qabiliyyəti baxımından da uşaqlar da daxil olmaqla hər kəsdə eynilik təşkil edir”.

O bildirib ki, son günlər elmi ədəbiyyata virusun uşaqlarda tam fərqli simptomlarla keçdiyinə rast gəlinir:

“Onlardan bəziləri bu virusu sadə qrip və soyuqdəymə simptomları ilə keçirsə də, bəzilərində ürək xəstəliklərində olan simptomlar, təzyiqin kəskin aşağı düşməsinə rast gəlinən toksik şok sindromu, müxtəlif dəri dəyişiklikləri, səpkilər və kiçik damar patologiyaları müşayət edilib”.

N.Abdullayevin sözlərinə görə, bütün bunlardan ən önəmlisi isə iki gün əvvəl elmi ədəbiyyata İtaliyadan daxil olan tədqiqata aid edilən uşaqlarda kawasaki sindromunda olan simptomlarla yanaşı ürəyin patoloji prosesə cəlb olunması və makrofaqların aktivləşməsi sindromudur: “Bu sonuncu sindrom barəsində isə onu demək olar ki, Yaponiyada daha öncədən aparılan başqa bir elmi tədqiqatda sübut olunub ki, ikinci dəfə virus sayəsində əmələ gələn makrofaqların aktivləşməsi sindromunun öldürücülüyü 75%-dir.

Belə ki, bu xəstələrdə yüksək hərarətə, dəridə və büküşlərdə olan səpkilərə eləcə də qızartılara, ağızın və dodaqların selikli qişasında dəyişikliklər, gözlərin iltihabına (qızarması), əl və ayaq barmaqlarının dərisinin soyulmasına rast gəlinib. Bu xəstələrin müəyyən qismi aktiv COVID-19 virus daşıyıcısı olsalar da, müəyyən qismində artıq virusu keçirdiklərinə dair anticisim tapılıb. Bu isə o deməkdir ki, xəstələr bu simptomları mütləq olaraq kəskin fazada deyil, müəyyən zaman keçdikdən sonra virusa qarşı reaktiv reaksiya olaraq keçiriblər.

Bu elmi tədqiqatın Azərbaycan üçün önəmi isə ondan ibarət ki, bütün bu simptomları keçirən uşaqlar və ailələri COVID-19-a yoluxub-yoluxmamalarına dair müvafiq müayinələrdən və testlərdən keçməlidirlər ki, virusa qarşı immunitetləri yoxlanılsın və Azərbaycanda uşaqlar arasında virusun yayılmasının öyrənilməsinə daha da köməklik göstərsin. Bundan başqa, bu uşaqların həyatı vacib orqanları, xüsusən də ürək və ürəyi qidalandıran damarları təkrarən ciddi müayinə olunmalıdır, çünki orada baş verə biləcək dəyişikliklər gələcəkdə ciddi problemlər yarada bilər”. (report)