XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 20:35

Elxan Şükürlü yazır:"POLİS QƏTİYYƏTLİ, HAKİMİYYƏT ƏDALƏTLİ OLMAYANDA..."

 

Elxan ŞÜKÜRLÜ

“Strateq.az” saytının baş redaktoru

 

Ədalətli idarəetmənin hakim olduğu yerdə zora, gücə əl atmağa ehtiyac olmur, dostlar. Böyük Əmir Teymurun sözüdür: “Məmləkətlər qılıncla fəth olunar, ancaq ədalətlə mühafizə edilər”…

Dövlət o vaxt gücə əl atmalıdır ki, o, ədalətin pozulduğunu görür və ədaləti bərpa etməkdə də zordan başqa çarəsi qalmır. Axı dövlət – xalqın nizamlı və firavan həyatı üçündür!

Bəli, dövlət onu təhdid edən, üzərinə gələn, onun qayda-qanunları ilə hesablaşmaq istəməyənlər qarşısından qətiyyən qaçmamalı, zərrə qədər geri çəkilməməlidir – çünki hər yerindən duran üstünə ayaq alar! Ancaq eyni zamanda dövlət ədalət sifətinə də heç zaman kölgə düşürməməli, onu itirməməli və bir qanunsuzluğu başqa bir qanunsuzluqla nizamalamağa cəhd göstərməməlidir! Böyük fransız yazıçısı və riyaziyyatçısı Paskal elə bunu nəzərə alaraq, deyirdi: “Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalım olar”…

Axı bu, bir gerçəklikdir ki, ədalət üçün tətbiq olunan güc heç vaxt kütləvi qıcıq, qəzəb və nifrət yaratmaz. Əksinə, əksəriyyət ədalətin bərpası üçün güc tətbiqini təqdirlə qarşılayar.

Əgər dövləti güc tətbiqinə sövq edən bir hadisəyə münasibətdə ictimai reaksiya, cəmiyyətin əhval-ruhiyyəsi təqdirdən daha çox qəzəbə, nifrətə köklənirsə və göstərilən bu reaksiya da süni yaradılmış, məqsədli körüklənmiş deyilsə, deməli, dövlət bu addımının doğru olub-olmadığını mütləq götür-qoy etməli, nəticəyə adekvat da davranış sərgiləməlidir…

Dünəndən bəri, Azərbaycan Polisinin başına zibil atılması və bu əməlləri genişləndirməyə, təhrikə çağıranlara qarşı da dövlətin sərt üzünü göstərməsi hadisəsi sosial şəbəkələrdə geniş müzakirə olunur. Cəmiyyətimiz növbəti dəfə bir neçə yerə bölünüb: polisin hərəkətini təqdir edənlər də var, onu qəzəblə qınayanlar, çox sərt şəkildə tənqid edənlər də; vəziyyətdən həmişəki kimi, bəhrələnməyə çalışanlar da mövcuddur, DİN-in yeni rəhbərliyinin son vaxtlar polisə qazandırdığı müsbət imicin dağıdılımasını istəyənlər və buna sevinənlər də…

Ancaq cəmiyyətin sağlam kəsiminin reaksiyasından aşkar görünür ki, bu hadisə üzərində təkcə polisə deyil, bütövlükdə hakimiyyətə qəzəb təqdirdən daha çoxdur. Deməli, dövlət güc tətbiqində hətta nə qədər haqlı olsa belə, ədalət sifətinə kölgə düşürüb artıq…

Məncə, hakimiyyət bu nifrətin və qəzəbin səbəbi üzərində çox-çox ciddi düşünməlidir! Çünki kimin nə deməsindən asılı olmayaraq, bu ictimai qəzəb və nifrət Polisin davranışından daha çox, siyasi hakimiyyətin indiyəqədərki fəaliyyətinə olan münasibətin, inamsızlığın ifadəsi kimi ortaya çıxır.

Unutmayaq ki, bu cəmiyyət Elçibəy hakimiyyətini hələ də qətiyyətsizlikdə, bir ovuc silahlının qarşısından qaçmaqda suçlayan, ona baş qaldıranlara qarşı zamanında sərt davranmamağı hələ də ən ağır şəkildə qınayan və bağışlamayan cəmiyyətdir… Əgər belə bir cəmiyyət 27 illik hakimiyyətindən arzuladığı qətiyyəti görüb də arzuladığı ədaləti görməzsə, ondan üz çevirər və o hakimiyyətə qarşı hər baş qaldırana da ya açıq, ya gizli dəstək verər – o başlar nə qədər kəsilsə, vurulsa belə!

Məncə, bu hakimiyyət üçün indi dövlətin ədalət sifətini göstərmə zamanıdır, sonra çox gec olacaq…

Unutmayaq: bir rəhbər, bir lider üçün cəsarət, qətiyyət və qüvvət çox önəmlidir, ancaq əhalisinin qəlbini qızdıracaq səadət günəşi yalnız ədalətdən doğar!

Allah ədalət hissinizi itirməsin!