XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 10:56

Dünyada 152 milyon uşaq əməyə cəlb edilib –Komitə

Beynəlxalq Əmək Təşkilatı tərəfindən 12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, ilk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır: “Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, hazırda dünyada 152 milyon uşaq əməyə cəlb edilib və onların təxminən yarısı (73 milyon uşaq) təhlükəli şəraitdə çalışır. Bu gün dünyada uşaqlardan bir çoxu məktəbə getməkdən, lazımi qidalanma və qulluqdan məhrumdurlar.

BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilədək uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya etmişdir. Bundan başqa milli qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.

Uşaq əməyinin istismarı uşaqların təhsildən yayınması, onların fiziki və mənəvi inkişafına mənfi təsir edir. Bu sahədə məlumatlılığın artırılması, ictimaiyyətin diqqətinin bu məsələyə yönləndirilməsi, həmçinin aidiyyəti orqanların bu işdə birgə fəaliyyəti vacib amillərdəndir”.

Bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “2020–2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyası”nda xüsusilə uşaqların əməyə cəlb edilməsi hallarının aşkarlanması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsinin zəruriliyi qeyd edilib.