“Formula 1” üzrə dünya çempionatında cari mövsümün qalan hissəsinin təqviminin açıqlanacağı vaxt məlum olub.
“Formula 1″in rəsmi saytı xəbər verir ki, digər yarışların tarixi iyulun 5-də start götürəcək Avstriya Qran-prisinədək elan olunacaq.
Yarışın rəhbərliyi 2020-ci ildə ümumilikdə 15 – 18 Qran-pri təşkil etməyi planlaşdırır. Mövsümə dekabrın ortalarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə yekun vurulacaq.
Qeyd edək ki, “Formula 1″də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 – 5 iyul və 10 – 12 iyul) start veriləcək. Daha sonra Macarıstan (17 – 19 iyul), Böyük Britaniya (31 iyul – 2 avqust, 7 – 9 avqust), İspaniya (14 – 16 avqust), Belçika (28 – 30 avqust), İtaliya (4 – 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub. (report)