XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2020 - 13:14

ÜST koronavirus xəstələrinin deksametazonla müalicəsinə necə yanaşır?- Açıqlama

Dünya Səhiyyə Təşkilatı iltihab əleyhinə qlükokortikosteroid deksametazonun koronavirus infeksiyasına yoluxmuş ağır xəstələrinin müalicəsində effektiv olması barədə Oksford Universitetinin apardığı tədqiqatın ilkin nəticələrini alqışlayıb.

Tədqiqatçıların sözlərinə görə, deksametazonun istifadəsi ağ ciyərlərin süni nəfəs aparatına qoşulmuş xəstələrdə ölüm hallarını 35 faiz, oksigen müalicəsi alan pasientlərdə isə 20 faiz azaldır.

Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bu metodun ağır koronavirus xəstələrinin ölüm hallarını azaldan ilk müalicə sxemi olduğunu deyib. “Bu əla xəbərdir və mən Böyük Britaniya hökumətini, Oksford Universitetini, həmçinin insan həyatını xilas edən elmi irəliləyişdə əməyi olan Britaniyanın çoxsaylı xəstəxanalarını və pasientləri təbrik edirəm”, – deyə o, bildirib.

1960-cı illərdən bütün dünyada əlçatan olan deksametazonun bir qutusunun qiyməti Böyük Britaniyada 5 funt-sterlinqdir.

Tədqiqatçıların sözlərinə görə, preparat COVID-19 xəstələrində koronavirusun səbəb olduğu immun hiperaktivliyinin orqanizmə vurduğu zərəri azaldır. Xəstələrdə müalicə kursunun 10 gün davam etməsi nəzərdə tutulur.

Deksametazon 2 min xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyəti preparat qəbul etməyən 4 min pasient ilə müqayisə edilib.

Qeyd edək ki, bir qədər əvvəl Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyi ilə mübarizədə malyariya əleyhinə hidroksixloroxin preparatının istifadəsindən imtina etmiş, lakin onun insan orqanizminə zərəri araşdırıldıqdan sonra sınaqlar bərpa olunmuşdu. Həmçinin koronavirus infeksiyasının virus əleyhinə remdesivir preparatı ilə müalicəsinə də cəhd edilmişdi.