XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 17:46

Bankların borclular üzərinə hucumu:Apellyasiya Məhkəməsi “kredit məhbusu”nu azad etmədi

 

bank_main_110110

“Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə borc üzrə zaminin həbsi ilə bağlı şikayətə baxıldı. Hakim şikayəti təmin etmədi və vətəndaşı həbsdə saxladı”.

Strateq.az bildirir ki, bu barədə bank üzrə ekspert, vəkil Əkrəm Həsənov yazıb. Onun sözlərinə görə, İclasda “Rabitəbank”ın da iki nümayəndəsi iştirak edib: “Belə başa düşdüm ki, hüquqşünas deyildilər. Çünki mənim çıxışıma heç bir hüquqi arqument gətrimədilər. Elə sadəcə dedilər ki, həbs düzgündür və qüvvədə qalmalıdır. Onlar həmçinin dedi ki, əslində vətəndaş işləyir və 300 manat maaş alır. Vətəndaş kişi kimi, mərdi-mərdanə bunu etiraf etdi və dedi ki, “Min bir gecə” restoranında qeyri-rəsmi işləyir və 300 manat alır. Mən bunu bilmirdim, çünki həbs edilən vətəndaşın özünü yalnız iclasda gördüm. Bununla belə, hakimin diqqətinə çatdırdım ki, əvvəla, Səbail məhkəməsinin qərarında vətəndaşın işsiz olması göstərilib və biz burada həmin qərarın qanuniliyinə qiymət veririk.

Nə icra məmuru, nə də Səbail məhkəməsi vətəndaşın işləməsi haqda heç bir rəsmi qeyd etməyib. Digər tərəfdən, işləyirsə belə, belə çıxır ki, qeyri-rəsmi işləyir və buna artıq ayrıca qiymət verilməlidir. “Min bir gecə”nin rəhbərliyi vətəndaşı niyə qeyri-rəsmi işlədir?  Qeyri-rəsmi işləmək sübut deyil. Nəhayət, vətəndaş 300 manat alırsa belə, heç nə ödəməli deyil, çünki özünün və himayəsində olan şəxslərin yaşayış minimumu 526 manatdır.

Lakin hakim mənim nə əvvəlki, nə də sonrakı arqumentlərimə qiymət vermədi, heç cəhd də etmədi buna. Heç yerindən qalxmamış, müşavirə etməmiş dedi ki, qüvvədə saxlayıram. Həbs edilən vətəndaşın ailəsi Avropa Məhkəməsinə şikayət etmək istəyir. Ümid edirəm ki, fikirlərindən daşınmayacaqlar”.

Ə. Həsənovun sözlərinə görə, Rabitəbank sinəsini təsadüfən irəli verməyib. “Onun rəhbəri Zakir Nuriyev Banklar Assosiasiyasının da Prezidentidir. Ehtimal edirəm ki, banklar əhalini qorxutmaq istəyirlər ki, gördünüz, hüquqşünaslar düz demir, borca görə vətəndaşı həbs etmək olar. Məqsəd xof yaratmaqdır. Əlbəttə, banklar bununla əhalinin ciddi narazılığına səbəb olmalarını, dövlətçiliyimizi sarstımalarının fərqində deyillər. Ölkəmizin beynəlxalq imici də onları narahat etmir”.

Ekspertin sözlərinə görə, bu qərardan sonra banklar həmləni gücləndirəcək, belə qərarların sayı artacaq. “Buna görə də yalnız bir çıxış yolu var: belə qərarlardan kütləvi şəkildə Avropa Məhkəməsinə müraciət etmək. Bu halda Avropa Məhkəməsi məsələyə münasibətini tez bildirəcək. Mən özüm və Antikollektor bu işdə vətəndaşlara daim pulsuz yardım etməyə hazırıq. Buna görə də bu cür həbslər barədə bizə dərhal xəbər verməyi xahiş edirəm”.