XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 11:04

Baş infeksionist:"Məsuliyyətsiz sərnişinlər digərlərinin də sağlamlığını riskə atır"

Virusun sürətlə yayıldığı bir vaxtda bəzi sərnişinlərin sosial məsuliyyətlərini dərk etməyərək avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmədiyi müşahidə olunur.

Avtobusların insanların daha çox toplaşdığı qapalı məkan olduğunu nəzərə alaraq belə davranışların həm insanların özü, həm də ətrafındakılar üçün təhlükə yaratdığını deyə bilərik. Günlük yoluxma sayının 500 nəfəri ötdüyü bugünlərdə, sərnişinlərin əsas öhdəliyi bir neçə sadə qaydaya əməl etməkdir.

Qaydalara əməl etməyən sərnişinlərin sayını azaltmaq, yoluxma riskini minimuma endirmək üçün Bakı Nəqliyyat Agentliyi (BNA) bir sıra tədbirlər görməkdə davam edir.

Yoluxmanın artmasının qarşısının alınmasına hesablanmış bu tədbirlərdən biri də maskadan istifadə etməyən sərnişinlərin avtobus salonuna daxil olmasını məhdudlaşdırmaq və belə sərnişinlərə görə avtobusun dayanacaq məntəqəsində saxlanılayaraq, yalnız maska taxdıqdan sonra avtobusun hərəkətinə icazə verməklə bağlıdır..

Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında ictimai nəqliyyatda insanları sosial məsuliyyətini dərk etməyə çağırır.

Onun sözlərinə görə, məsuliyyətsiz sərnişinlər özü ilə yanaşı, digərlərinin də sağlamlığını riskə atır:

“İnsanların daha çox toplaşdığı qapalı məkanlar virusun yayılma riskinin yüksək olduğu yerlərdir. Bura ictimai nəqliyyatı, avtobus və metro şəbəkəsini, supermarketləri misal göstərə bilərik. İnsanlara belə yerlərə mümkün qədər az getməyi, vacib olmadıqca ictimai nəqliyyatdan istifadə etməməyi məsləhət görürəm. Lakin zəruri hallarda ictimai nəqliyyatdan, avtobuslardan istifadə edən sərnişinlər məsuliyyətlərini dərk edərək sosial məsafə qaydalarına əməl etməli, ən zəruri tələb kimi tibbi maskadan istifadə etməldirilər. Qoruyucu tibbi maskadan istifadə, sosial məsafənin gözlənməsi, gigiyena qaydalarına əməl edilməsi xəstəliyin qarşısını alan ən önəmli tədbirlərdən biridir”.

Baş infeksionistin sözlərinə görə, belə sərnişinlər sürücülərin də yoluxma ehtimalını artıra bilər:

“Ümumilikdə, vətəndaşları sosial məsuliyyətlərini dərk etməyə, həm avtobus, həm digər ictimai nəqliyyat vasitələrində, özəlliklə də, daha çox insanın bir araya toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadə etməyə çağırıram. Xüsusən, avtobuslarda maskadan istifadə etməyən sərnişinlər, digərləri ilə bərabər sürücülərin də virusa yoluxmasına səbəb ola, vəziyyətin daha da ağırlaşmasına gətirib çıxara bilərlər. Bu tələblərə əməl olunmaması sərnişinlərin virusa yoluxma ehtimalını daha da artırır”.