XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2020 - 21:37

Tarixçi professor gənc “tədqiqatçı”nı rüsvay etdi:"Bu suallara cavab ver"

SOLMAZ TOHİDİ,

tarix elmləri doktoru, professor

 

Tarixçi Vasif Qafarovun bir neçə gün əvvəl “Spase” televiziya kanalındakı “Sadə həqiqətlər” verilişindəki qalmaqallı çıxışı cəmiyyətin ən müxtəlif təbəqələri, o cümlədən alimlər və naşirlər arasında böyük narahatlıq və suallar doğurub. Xüsusilə elmi ictimaiyyət böyük və ciddi elmə hələ indi qədəm qoymaq iddiasında olan bu tədqiqatçının öz çıxışı ilə bağlı üzləşdiyi ictimai qınaqdan nəticə çıxaracağını, ən yaxşı halda, üzrxahlıq edəcəyini, heç olmasa susacağını və bu məsələnin elmi dairələrdə mütəxəssislərin iştirakı ilə yoluna qoyulacağını gözlədiyi halda, “Qəhrəman” yenidən televiziya ekranında “həqiqət” axtarışına çıxıb, “mübarizəsini davam etdirmək”, guya, üzləşdiyi “təhqir və təhdidlərə” cavab vermək qərarına gəlib.

Bu məqam, Osmanlı arxivinin Azərbaycanla bağlı sənədlərinin kimlər tərəfindən, hansı şəraitdə əldə edildiyi və nəşrə hazırlandığı məsələləri ilə bilavasitə məlumatlı insanların ən azı mənəvi-etik və əxlaqi baxımdan narahatlığını daha da artırıb.

Digər tərəfdən, həmin sənədlərdən bu gün qərəzli niyyətlərlə istifadə etmək, Cümhuriyyət tarixinin, onun bütün ciddi tədqiqatçıları üçün tam aydın olan səhifələrini, guya, “sənədlərin dili ilə” yenidən gündəmə gətirərək, “mübahisə obyektinə” çevirmək, beləliklə, Cümhuriyyət qurucularının xidmətlərini bilərəkdən “sual” altına qoymaq və onları etmədikləri “günahlarda” təqsirləndirmək, nüfuzdan salmaq cəhdləri göz qabağındadır.

Bu cəhdlərin Azərbaycan tarixçilərinin indiyədək elmi fəallığına görə qiymətləndirdiyi, təlaş doğuran bəzi addımlarına və nəzərlərinə göz yumaraq, ciddi alim kimi yetişəcəyinə ümid bəslədiyi bir tədqiqatçı tərəfindən edilməsi xüsusilə dərin həyəcan doğurur. Məhz bu məqam, tarixi həqiqət, elmi yanaşma, alim məsuliyyəti və ziyalı əxlaqı nəzərindən bir qrup tarixçi-alimin son günlər öz aralarında müzakirə etdiyi məsələlərin geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasını zəruri edir.

Azərbaycan tarixşünaslığının bu günü və gələcəyi üçün sınaq nöqtəsi səviyyəsinə qaldırılan və “televiziya şousu” formatında gündəmə gətirilən bu məsələnin “qəhrəmanı” Vasif Qafarovun qarşısına, hələ ki, konkret suallar qoyularaq, onun “Spase” kanalındakı bu günkü çıxışında əvvəlcə onları cavablandırması xahiş olunur:

– Osmanlı arxiv sənədlərini özü oxuya bilirmi və özünün dediyi kimi, 12 mindən artıq (160-180 min səhifəlik ) sənədləri nə zaman müddətində oxuyub, latın qrafikasına çevirib, tədqiqatlar yazıb, toplular şəklində nəşr etdirə bilib? Nə üçün respublikamızda orta əsrlərdən başlayaraq, Osmanlı dili, yazısı, üslubu və s. üzrə cəmi 2-3 nəfər tanınmış osmanlışünaslar, eləcə də Türkiyədə Osmanlı sənədləri və həmin dövrün mətbuatı üzrə mütəxəssislərin heç biri bu adamın adını belə bilmir, yaxud onu həmin sahədə az-çox təcrübəli adam kimi də tanımır?

– Türkiyənin Devlet Arşivleri Başkanlığı Osmanlı Baş Bakanlığı Osmanlı Arşivi, ATASE arxivlərində istənilən dövr və mövzu üzrə arxiv tərəfindən müəyyən edilmiş məbləğ müqabilində sənədlər toplanması xidmətindən istifadə edibmi ?

– Yenə həmin arxivlərdə müəyyən edilmiş məbləğ müqabilində həmin sənədlərin Osmanlı əlifbasından latın qrafikasına köçürülməsi xidmətindən istifadə edibmi?

– Əgər bu xidmətlərdən istifadə edibsə (arxivlərdə bu məlumatlar var), o xidmətlərin pulunu kim və ya hansı təşkilat ödəyib?

– Bu xidmətlərin ödənilməsi daxil olmaqla sənədlərin gələcək nəşri üçün TEAS nəşriyyatına təqdim etdiyi layihələrin və alacağı qonorarla bağlı müqavilələrin surəti özündə varmı?

– Həmin layihələrə görə yalnız sənədlər üçün üst-üstə 6 rəqəmli ABŞ dolları miqdarında qonorar aldığına dair (hər kitab üzrə on minlərlə dollar və digər xərclər üçün) imza etdiyi müqavilələrin surətləri özündə varmı?

– Bu məbləğlərdən Dövlət vergisi ödəyibmi?

– Qiyas Şükürovun adı ona tanışdırmı ?

– Əgər sənədlərlə bağlı əməliyyatları həmin şəxslə birgə görüblərsə, nə üçün heç olmasa bir dəfə də, bu işdə daha çox zəhməti olmuş həmkarının adını belə, çəkmir?

– TEAS nəşriyyatı bu sənədləri hazırlayıb və öz vəsaiti hesabına nəşr edərkən, bu işdə digər alimlərin və şəxslərin nə qədər zəhməti keçdiyindən xəbəri varmı? Elə isə niyə öz “şücaətlərindən” bəhs edərkən, bu həmkarlarının adını belə, çəkmir?

– TEAS-a satdığı həmin sənədləri sonradan bir daha Azərbaycan Prezidenti yanında ELM fonduna neçəyə satıb? ELM fondu bu sənədlərin artıq dərc olunduğunu araşdırıbmı?

– TEAS-dan Cümhuriyyət tarixinə dair sənədlərə görə aldığı fantastik məbləğdə qonorarlar hesabına doğulduğu Lerik rayonunda açdığı ferma biznesində hansı problemlər yaranıb ki, həmin sənədləri bir daha – bu dəfə Cümhuriyyət tarixini qaralamaq, onun liderlərinə böhtan atmaq kimi qərəzli bir məqsədlə – özünün yeni biznes obyektinə çevirir?

Burada, Vasif Qafarovun istənilən halda bu və ya digər səviyyədə zəhmət çəkdiyi, Cümhuriyyətin 100 illiyinə öz töhfəsini vermək istəyən TEAS müdiriyyətinin bu hədsiz arzusu qarşısında əsl biznesmen inadı ilə sona qədər öz qoyduğu qiymət üzərində duraraq sövdələşmə məharəti, aldığı pulu istədiyi kimi xərcləmək haqqı olduğu kimi müddəalar irəli sürülə bilər. Yəni, yalnız biznes – başqa heç nə!

Amma həmin biznesin gedişində Vasif Qafarovun artıq tədqiqatçı-alim kimi bir sıra naqis hərəkətləri də üzə çıxırdı. Bu dövrü yalnız sənədlər toplusu kimi deyil, həm də araşdırıcı kimi öyrənmək məqsədi ilə işə başlayan gənc tarixçi 2011-ci ildə “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)” adlı kitabını nəşr edir və mütəxəssislər, o cümlədən türkiyəli tarixçilər bu monoqrafiyanın türkiyəli alim Enis Şahinin hələ 2002-ci ildə Anlkarada nəşr olunmuş “Trabzon və Batum konferansları antlaşmaları. 1917-1918-cı yıllar” kitabı ilə hədsiz “oxşarlığını” dərhal üzə çıxarırlar. Öz kitabında Türkiyəli müəllifin bu əsərini heç “Ədəbiyyat” siyahısına belə, daxil etməməsi çox məsələləri açıqlasa da, azərbaycanlı alimlər gənc həmkarını elmi yolunun başlanğıcında rüsvay etməkdən çəkinirlər.

Beləliklə, qədəm qoyduğu yoldakı bu ilk “addımına” nəinki “qırmızı”, hətta “sarı” deyil, “yaşıl” işıq alan gənc tədqiqatçı “inamla” irəliləməyə başlayır, Osmanlı sənədlərinin təsnifi, izahı, tətbiqi, istifadəsi sahəsində ciddi alim adı ilə sığışmayan açıq-aydın yanlışlıqlara və kobud təhriflərə yol verir. Bu zaman onun nəinki sənədi hərfi mənada oxuya bilmədiyi, ümumiyyətlə, diplomatik sənədi “oxumaq”, sətiraltı mənaları tutmaq, onları digər sənədlərlə müqayisə etmək, etibarlılıq dərəcəsini müəyyənləşdirmək və s. bu kimi arxiv sənədləri ilə işləyən hər bir tarixçi üçün mühüm olan peşəkarlıq qabiliyyətinə malik olmadığı üzə çıxır. Təbii ki, işin bu həddə çatmasında bu tarixçiyə “yaşıl işıq” verənlərin də məsuliyyət məsələsi durur və yəqin ki, bu məsələ də ayrıca ciddi müzakirə obyekti olacaqdır.

Burada isə, Cümhuriyyət tarixinin bu yeni “ittihamçısına” hələlik yalnız suallar verildiyini nəzərə alaraq, tarixçi alimlərimiz bu sonuncu müddəalarını, əlbəttə ki, televiziya kanallarının “Sadə həqiqətlər” kimi şou proqramlarında deyil, akademik müstəvidə sübut etməyə hazır olduqlarını bildirirlər.

İndi isə qoyulan suallara hamı cavablar gözləyir, Vasif Qafarov…