“Ev şəraitində müalicə ancaq yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur”.
Strateq.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir:
“Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar. Bir çox vətəndaşlarımızda COVID-19 əlamətləri olsa da, onu bildirməkdən çəkinirlər. Buna görə də gizlədirlər və özbaşına müalicə olunurlar. Nəzərə almaq lazımdır ki, COVID-19 elə bir xəstəlikdir ki, xəstənin vəziyyəti hər an dəyişə və ağırlaşa bilər. Ona görə də bu xəstəliyə aid əlamətləri özündə hiss edən şəxslər müraciət etməlidirlər”.