XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 10:44

Sosial vergilər dəyişməyəcək –DSMF-dən açıqlama

dsmf-loqo

Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığorta ayırmalarının strukturuna yenidən baxılmasını qeyri-müəyyən müddətə təxirə salıb. Fins.az-ın məlumatına görə, bu barədə Fondun sədri Elman Mehdiyev açıqlama verib.

Hazırda sosial sığorta ayırmaları 2 mənbə hesabına formalaşır: İşəgötürənlər işçilərin əmək haqqının 22%-i qədər və işçiləri özləri maaşının 3%-i qədər DSMF-yə pul ödəyirlər. Elman Mehdiyevin sözlərinə görə, Dünya Bankı ilə birlikdə aktuat hesablamaları aparılıb və məlum olub ki, sosial sığorta haqlarının strukturunun dəyişdirilməsi sistemdə səmərəliliyə gətirib-çıxarmayacaq.

“Hazırda iqtisadi şəraitdə sosial sığorta haqlarının strukturunun dəyişdirilməsi fonda daxilolmalarının məbləğini artırmayacaq, əksinə bu, əhali üçün mənfi nəticələrə səbəb ola bilər” – deyə Elman Mehdiyev bildirib.

Fond sədri vurğulayıb ki, dəyişiklik üçün ilk növbədə iqtisadi effektivlik tələb olunur: “Müəyyən etmək lazımdır ki, bu, fondun daxilolmalarına və əhaliyə necə təsir göstərəcək. Əmək haqlarının indiki səviyyəsində sosial sığorta yükünün artırılması narazılıq yarada bilər. Daha dəqiq desək, işçilərin indiki sosial vəziyyəti bizə sosial sığorta dərəcəsini artırmağa imkan vermir”.

Xatırladaq ki, bundan əvvəl işçiləri üçün sosial sığorta ayırmalarının dərəcəsinin 3%-dən 7%-ə çatdırılması, işəgötürənlər üçün 22%-dən 18%-ə endirilməsi təklif olunub.

2008-ci ildə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar üçün sosial sığorta ayırmalarının dərəcəsi azaldılıb, eləcə də torpaq sahibləri üçün vahid dərəcə tətbiq olunub. “Sosial sığorta haqqında” qanuna görə, ticarət, nəqliyyat, tikinti sahəsində çalışan fərdi sahibkarlar minimum əmək haqqının 50%-i qədər (əvvəl 70% idi), digər sahələrdə fəaliyyət göstərən fəri sahibkarlar isə minimum maaşın 20%-i qədər (əvvəl 40% idi) sosial sığorta haqqı ödəyirlər. Kənd təsərrüfatında çalışanlar üçün isə pensiya fonduna aylıq ödəmələr minimum əmək haqqının 6%-i qədərdir.

Strateq.az