XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2020 - 19:41

Deputat Erkin Qədirli:"Ermənistanın ərazisində hərbi əməliyyat aparmağımıza mane olan beynəlxalq hüquq deyil, Rusiyadır”

“Ermənistanın düşmən dövlət olması – bizə hücum etməsi, ərazimizi işğal etməsi – beynəlxalq hüquqa görə özümüzü müdafiə etmək haqqımızı aktuallaşdırır. Özünümüdafiə haqqının gerçəkləşdirilməsi hücuma məruz qalmış dövlətin ərazisi ilə məhdudlaşdırılmır. Yəni özünü müdafiə edən dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyil. Hücuma məruz qalmış dövlət, özünümüdafiə məqsədləri üçün, ona hücum etmiş dövlətin ərazisində də hərbi əməliyyatlar apara bilər”.

Bu fikirləri deputat Erkin Qədirli bildirib. O, qeyd edib ki, sözügedən hüquq BMT Nizamnaməsinin 51-ci maddəsinin tekstindən və kontekstindən də anlaşılır: “Orada xüsusilə vurğulanır ki, “bu Nizamnamədə heç nə hücuma məruz qalmış BMT üzvünün ayrılmaz haqqı olan fərdi və ya kollektiv özünümüdafiəsini əngəlləmir”. Burada “heç nə” sözləri çox önəmlidir. Yəni, başqa hallarda digər dövlətə hücum etmək qadağan olunursa, özünümüdafiə məqsədləri üçün bu, icazəli sayılır. Odur ki, biz müdafiəmizi yalnız öz ərazimizdə qurmağa borclu deyilik. Biz Ermənistana hücum edə bilərik. Beynəlxalq hüquq bunu bizə qadağan etmir”.

Deputat vurğulayıb ki, hərdən biz tərəfdən (hökumətdən, müxalifətdən və s.) kimsə Ermənistana hücum haqqında danışarsa, burada beynəlxalq hüquqa zidd heç nə olmayacaq: “Yetər ki, legitim hərbi hədəflərlə legitim olmayan mülki hədəfləri qarışıq salmayaq. Əslində, Prezidentin o gün dediyi kimi, Ermənistan bizimlə təkbətək savaşarsa, gedişat belə ola bilər:

1) Naxçıvandan ordumuz hücum edir və Mehrini alaraq Ermənistanın İrana yolunu bağlayır;

2) Eyni zamanda ordumuz Ermənistanın şimalına hücum edir və onun Gürcüstana yolunu bağlayır;

3) Ermənistan məcbur olur qoşunlarının önəmli hissəsini Qarabağdan çəksin ki, öz ərazisini müdafiə edə bilsin;

4) Bu zaman da ordumuz əsas hücumunu Qarabağda başlayır.

Beynəlxalq hüquqa görə bunu etməyə haqqımız var. Yalnız, bunun üçün gərək gerçəkdən Ermənistanla təkbətək olaq. Ermənistanın ərazisində hərbi əməliyyat aparmağımıza mane olan beynəlxalq hüquq deyil, Rusiyadır”.

AzPolitika.info