XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 14:12

XİN başçısı:“Azərbaycan pandemiya ilə mübarizədə fəal rol oynayır”

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə” mövzusunda vebinarda çıxış edib. 

Strateq.az nazirin çıxışını təqdim edir:

“Zati-aliləri,

Hörmətli iştirakçılar,

Xanımlar və cənablar,

Müzakirələrə başlamadan öncə, dünən Mərsin əyalətində baş vermiş yol qəzasında türk əsgərlərinin ölümü ilə əlaqədar Türkiyə tərəfinə başsağlığı bildirim. Dualarımız həlak olanların ailələri ilədir. Qəzada yaralananlara şəfa diləyirik.

Xahiş edirəm hörmətli həmkarım Nazir Çavuşoğlunun göndərdiyi xoş dəvətə görə minnətdarlığımı və bu vebinarın keçirilməsinə görə Antalya Diplomatiya Forumuna və Rajaratnam Beynəlxalq Araşdırmalar Məktəbinə təşəkkürümü qəbul edin. İnanıram ki, bu, pandemiyanın təsirindən istifadə ilə bağlı səmərəli müzakirələrə səbəb olacaqdır. Bu tədbir həm də COVID-19 pandemiyasının yarandığı gündən etibarən Azərbaycan Respublikasının ona qarşı necə mübarizə aparması barədə məlumat vermək üçün yaxşı bir fürsət olacaqdır.

COVID-19 pandemiyası, insanların sağlamlığının qorunması üçün dünya miqyasında səy tələb edən bir sıra misilsiz çətinliklər və pozuntular gətirdi. Ölkələr müvafiq dövlət və hökumət başçılarının rəhbərliyi altında pandemiyanın yayılmasının qarşısını almaq və ona qarşı reaksiya vermək üçün gücləndirilmiş tədbirlər gördülər.

Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə həm daxili, həm də çoxtərəfli səviyyədə fəal rol oynayır. Bu günə qədər Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı edib. Bu vəsait Afrika, Latın Amerikası və Asiyanın köməyə ehtiyacı olan regional qrupları üçün nəzərdə tutulub. Azərbaycan ayrı-ayrı ölkələrə tibbi ləvazimatlar və avadanlıqlar şəklində yardım da etmişdir.

Azərbaycanın daxili səviyyədə atdığı addımları da qeyd etmək istərdim. Fevral ayında Azərbaycan Respublikası ərazisində yeni koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı.

Mart ayının əvvəlindən etibarən bütün təhsil müəssisələrində təhsil dayandırılıb. Bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Mart ayının sonundan etibarən karantin rejimi qüvvəyə minib. Bu, bir sıra sosial təcrid və məhdudlaşdırma tədbirlərini ehtiva edir. Vətəndaşlarımızın xaricdən təxliyəsi pandemiya dövründə prioritet məsələlərdən biri olmuşdur.

Azərbaycanın Türk Şurası çərçivəsində fəal rolunu xüsusilə vurğulamaq istərdim. Azərbaycan, Türkdilli Dünyanın məqsəd və vəzifələrinə  nail olmaq üçün əməkdaşlığı və səyləri daha da gücləndirmək məqsədilə 15 oktyabr 2019-cu ildə Bakıda keçirilən 7-ci Zirvə görüşündə Türk Şurasına sədrliyi qəbul edib.

Pandemiyanın səbəb olduğu qlobal qeyri-müəyyənliyi və onun nəticələrini nəzərə alaraq, üzv dövlətlər və müşahidəçi dövlət olaraq Macarıstan çətinliklərin öhdəsindən gəlmək üçün birgə hərəkət etməyin yollarını axtardılar və Türk Şurası çərçivəsində əməkdaşlığı vurğuladılar.

10 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə “COVID-19 pandemiyasına qarşı mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda Türk Şurasının növbədənkənar zirvə toplantısı keçirildi. Qeyd etməliyəm ki, bu sammit pandemiya ilə mübarizədə dövlət başçıları səviyyəsində keçirilən ilk tədbirdir.

Növbədənkənar zirvə görüşündə dövlət başçıları COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığı genişləndirmək, eyni zamanda, ümumi rifah naminə həmrəylik, təcrübə mübadiləsi və elmi, innovativ, texnoloji və tibbi potensialı tam səfərbər edərək öz səylərini birləşdirməkdə möhkəm mövqe nümayiş etdirmək əzmini vurğuladılar.

Türk Şurasının dövlət başçıları ən yaxşı təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə  COVID-19 pandemiyasının əsas aspektləri üzrə üzv dövlətlərin səhiyyə nazirlikləri arasında sıx qarşılıqlı əlaqəni özündə cəmləşdirən milli böhran mərkəzləri arasında məsləhətləşmə və əməkdaşlıq mexanizmləri yaratmağa razılıq verdilər.

Dövlət başçılarının tapşırığı ilə, fövqəladə zirvə görüşü zamanı Azərbaycan Türk Şurasının hazırkı sədri olaraq, səhiyyə nazirlərinin, nəqliyyat nazirlərinin, iqtisadiyyat nazirlərinin və gömrük administrasiyaları rəhbərlərinin, miqrasiya xidmətləri rəhbərlərinin, Səhiyyə Koordinasiya Komitəsinin, turizm nazirlərinin və səhiyyə elmi qruplarının video konfranslarını uğurla təşkil edib. Bu konfranslar müalicə vasitələrinin tapılması, səylərin səfərbər edilməsi və COVID-19 pandemiyasının sosial-iqtisadi təsirlərinin araşdırılması, habelə təhlükəli infeksiyaların diaqnozu və müalicəsi üçün köməkçi məsləhət mexanizmləri olduğunu sübut etdi.

İnanıram ki, Azərbaycanın çoxmillətli səviyyədə davam etdirdiyi səylər qeyd edilməlidir. Belə nümunələrdən biri də Qoşulmama Hərəkatının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə 4 may 2020-ci il tarixində Təmas Qrupu formatında keçirilən zirvə görüşüdür.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin böyük əksəriyyətinin dəstəyini alan, dövlət və hökumət başçıları səviyyəsində video konfrans vasitəsilə COVID-19-a cavab olaraq BMT Baş Assambleyasının xüsusi iclasını çağırmaq təklifini irəli sürdü.

Qeyd etməliyəm ki, bu təklif BMT sisteminin mərkəzi mövqeyinin vurğulanması, həmçinin Baş Assambleyanın pandemiyaya qarşı səmərəli mübarizə aparmaq və onun sosial-iqtisadi problemlərini həll etmək üçün təxirəsalınmaz tədbirləri səfərbər etməkdə əsas müzakirə məşvərətçi, siyasət aparılması və təmsilçi orqan rolunun vurğulanması baxımından vacibdir.

Zati aliləri,

Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü davam edir, təcavüz nəticəsində Azərbaycan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarını tərk etməyə məcbur olub, qaçqın və ya məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Bununla belə, Ermənistan bu qətnamələrə və beynəlxalq təşkilatların işğalına və təcavüzünə son qoyulmasını tələb edən sənədlərinə məhəl qoymamaqda davam edir.

Bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün səfərbər olduğu bir vaxtda, Ermənistan gərginliyi artırmaq üçün təxribata və diversiyaya əl atır. 12 iyul 2020-ci ildə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan-Azərbaycan arasında dövlət sərhədi boyunca Tovuz rayonunda yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriyadan istifadə edərək atəşə tutub. Bu hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir general-mayoru daxil olmaqla 12 hərbi qulluqçusu və bir mülki şəxs həlak olub.

Ermənistan tərəfindən belə hərbi düşüncəsizlik, sülh danışıqlarını pozmaq və Azərbaycana qarşı işğal və təcavüzü davam etdirmək məqsədi daşıyır. Bununla, Ermənistan rəhbərliyi səriştəsiz fəaliyyəti nəticəsində və COVİD-19 pandemiyasının Ermənistanda yayılması ilə əlaqədar daha da pisləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirməklə diqqəti ölkənin daxili problemlərindən yayındırmaq məqsədi güdür.

Təxribatla bağlı beynəlxalq reaksiya da həddən artıq çox olub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatlar bəyanatlar yaydılar, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu isə onun 120 üzv dövlətinin dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin hücumunu sərt şəkildə pisləyən bir kommünike qəbul etdi. Qardaş Türkiyəyə bu ehtiyac vaxtında qətiyyətli həmrəylik nümayiş etdirdiyinə görə dərin təşəkkürümüzü bildirmək istərdik.

Əziz həmkarlar,

Sonda, COVID-19 pandemiyası ilə mübarizədə çoxtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha vurğulamaq istərdim. Biz bu fəlakət üzərində yalnız elmi bilik və məlumatlılığın son dərəcə əhəmiyyət kəsb etdiyi səfərbər edilmiş səylər sayəsində qələbə qazana bilərik.

Diqqətinizə görə təşəkkür edirəm”.