XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyul 2020 - 16:57

Hökumət “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”nı təsdiqlədi –Detallar

Nazirlər Kabineti “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”nı təsdiq edib.

Starteq.az xəbər verir ki, qanuna əsasən müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq, informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı aparılır.

Qanuna əsasən informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya Qanunun 4-cü fəslinə uyğun olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

1.4. Qanunun 5.4-cü maddəsinə əsasən informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı aşağıdakılar nəzərə alınır:

1.4.1. informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı;

1.4.2. informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri;

1.4.3. informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərərvurma ehtimalı.

1.5. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya məhsulunun işarələnmədiyi və yaxud Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsulunun ekspertizasını təşkil edir.

1.6. İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir.

2. İnformasiya məhsullarının yaş kateqoriyalarına aid edilməsinə dair tələblər

2.1. “Universal” yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir.

2.2. “6 yaşadək” yaş kateqoriyasına aid informasiya məhsullarına “universal” yaş kateqoriyasına aid edilən informasiya məhsulları, fiziki və (və ya) psixoloji zorakılığın (cinsi zorakılıq istisna olmaqla), qəddarlığın qeyri-naturalist epizodik görüntüsünü və yaxud təsvirini əks etdirən informasiya məhsulları aid edilir, bu şərtlə ki, informasiya məhsulunda xeyirin şərə qalib gəlməsi ideyası yer alsın, həmçinin zorakılıq və qəddarlıq, insanların istismarı qınanılsın, zorakılığın, qəddarlığın və insan alverinin qurbanına mərhəmət təbliğ olunsun.

2.3. “6 yaşdan” yaş kateqoriyasının informasiya məhsullarına “6 yaşadək” yaş kateqoriyasına aid edilən informasiya məhsulları, habelə aşağıdakı məzmunda olan informasiya məhsulları aid edilir:

2.3.1. insan xəstəliklərinin və onların nəticələrinin insanın mənliyini alçaltmayan formada qısamüddətli və qeyri-naturalist görüntüsü və ya təsviri;

2.3.2. bədbəxt hadisələrin, qəzaların, fəlakətlərin və yaxud qeyri-zorakı ölüm hallarının, onların uşaqlarda təkrarlanan qorxu, təlaş və dəhşət hissləri yarada biləcək nəticələrini nümayiş etdirmədən, qeyri-naturalist görüntüsü və ya təsviri;

2.3.3. təhrikedici və yaxud təlimatlandırıcı xarakter daşımayan, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətlərin və cinayətlərin görüntüsü və ya təsviri, bu şərtlə ki, informasiya məhsulunda bu hərəkətlərə yolvermə əsaslandırılmasın və buna bəraət qazandırılmasın, habelə bu hərəkətləri törədən şəxslərə qarşı mənfi münasibət ifadə edilsin.

2.4. “12 yaşdan” yaş kateqoriyasının informasiya məhsullarına “6 yaşdan” yaş kateqoriyasına aid edilən informasiya məhsulları, habelə aşağıdakı məzmunda olan informasiya məhsulları aid edilir:

2.4.1. insan xəstəliklərinin və onların nəticələrinin insanın mənliyini alçaltmayan formada görüntüsü və ya təsviri;

2.4.2. zorakılığın (cinsi zorakılıq istisna olmaqla) və qəddarlığın, həyatdan məhrumetmə və yaxud sağlamlığa xəsarət yetirmə prosesinin naturalist formada nümayiş etdirilmədən, təhrikedici və ya təlimatlandırıcı xarakter daşımayan epizodik təsviri (görüntüsü), bu şərtlə ki, informasiya məhsulunda zorakılığın, qəddarlığın, insan alverinin qurbanına mərhəmət və (və ya) zorakılığa və qəddarlığa, insanların istismarına mənfi və qınayıcı münasibət ifadə olunsun (vətəndaşların, cəmiyyətin və dövlətin qanunla qorunan maraqlarının müdafiəsinə yönəldilmiş tədbirlər istisna olmaqla);

2.4.3. zorakılığın, qəddarlığın və insanların istismarının təhrikedici və ya təlimatlandırıcı xarakter daşımayan qeyri-naturalist epizodik təsviri (görüntüsü), bu şərtlə ki, informasiya məhsulunda qurbana mərhəmət və (və ya) qəddarlığa mənfi və qınayıcı münasibət ifadə olunsun;

2.4.4. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətlərin təhrikedici və ya təlimatlandırıcı xarakter daşımayan təsviri (görüntüsü);

2.4.5. alkoqollu və energetik içkilərin istehlakının təhrikedici xarakter daşımayan epizodik təsviri (görüntüsü), bu şərtlə ki, informasiya məhsulunda onların istehlakı qınanılsın;

2.4.6. narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının təhrikedici və ya təlimatlandırıcı xarakter daşımayan epizodik xatırlanmaları (görüntülər nümayiş edilmədən), bu şərtlə ki, informasiya məhsulunda göstərilən maddələrin istehlakına mənfi münasibət ifadə edilsin və (və ya) onların istehlakının təhlükəli olması barədə ismarıclar verilsin;

2.4.7. qadın və kişi arasında cinsi münasibətin ehtiraslandırıcı, təhqiramiz və yaxud erotik xarakterli olmayan qeyri-naturalist epizodik təsviri (görüntüsü).

2.5. “16 yaşdan” yaş kateqoriyasının informasiya məhsullarına “12 yaşdan” yaş kateqoriyasına aid edilən informasiya məhsulları, habelə aşağıdakı məzmunda olan informasiya məhsulları aid edilir:

2.5.1. bədbəxt hadisələrin, qəzaların, fəlakətlərin və yaxud intihar daxil olmaqla ölüm hallarının uşaqlarda təkrarlanan qorxu, təlaş və dəhşət hissləri yarada biləcək nəticələrini naturalist şəkildə nümayiş etdirmədən, görüntüsü və ya təsviri;

2.5.2. zorakılığın (cinsi zorakılıq istisna olmaqla) və qəddarlığın, onların nəticələrinin, həyatdan məhrumetmə prosesinin naturalist formada nümayiş edilmədən, təhrikedici və ya təlimatlandırıcı xarakter daşımayan təsviri (görüntüsü), bu şərtlə ki, informasiya məhsulunda zorakılıq və qəddarlığın, insan alverinin qurbanına mərhəmət və (və ya) zorakılığa və qəddarlığa, insanların istismarına mənfi və qınayıcı münasibət ifadə olunsun (vətəndaşların, cəmiyyətin və dövlətin qanunla qorunan maraqlarının müdafiəsinə yönəldilmiş tədbirlər istisna olmaqla);

2.5.3. zorakılığın və qəddarlığın, insanların istismarınıntəhrikedici və ya təlimatlandırıcı xarakter daşımayan qeyri-naturalist təsviri (görüntüsü), bu şərtlə ki, informasiya məhsulunda zorakılıq və qəddarlığın, insan alverinin qurbanına mərhəmət və (və ya) qəddarlığa mənfi və qınayıcı münasibət ifadə olunsun;

2.5.4. cəmiyyət əleyhinə hərəkətlərin təhrikedici və ya təlimatlandırıcı xarakter daşımayan təsviri (görüntüləri);

2.5.5. alkoqollu və energetik içkilərin istehlakının təhrikedici xarakter daşımayan təsviri (görüntüsü), bu şərtlə ki, informasiya məhsulunda onların istehlakı qınanılsın;

2.5.6. narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının təhrikedici və ya təlimatlandırıcı xarakter daşımayan xatırlanmaları (nümayiş edilmədən) və yaxud onların istehlakının təhlükəli nəticələrinin nümayişi, bu şərtlə ki, informasiya məhsulunda göstərilən maddələrin istehlakına mənfi münasibət ifadə edilsin və (və ya) onların istehlakının təhlükəli olması barədə ismarıclar verilsin;

2.5.7. qeyri-məişət leksik (jarqon) məzmunlu (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələr istisna olmaqla), o cümlədən təhqiramiz xarakterli söz və ifadələrin epizodik istifadəsi;

2.5.8. qadın və kişi arasında cinsi münasibətin pornoqrafik xarakterli olmayan təsviri (görüntüsü).

2.6. “18 yaşdan” yaş kateqoriyasına Qanunun 4.2-ci maddəsinə əsasən uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsulları aiddir.

3. İnformasiya məhsulunun ekspertin iştirakı ilə təsnifatlaşdırılması

3.1. İnformasiya məhsulunun yaşa görə təsnifatı ekspertin iştirakı ilə həyata keçirildikdə, informasiya məhsulunun istehsalçısı və ya yayıcısı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilmiş ekspertlərin və ekspert təşkilatlarının reyestrindən müvafiq növ informasiya məhsulunun ekspertizasını aparmaq hüququ olan eksperti seçir.

3.2. İnformasiya məhsulunun ekspertizasının sifarişi Qanunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla, ekspert təşkilatı ilə sifarişçi arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

3.3. Qanunun 14.3-cü maddəsinə əsasən informasiya məhsulunun ekspertizasının aparılması müddəti 30 (otuz) gündən çox ola bilməz.

3.4. Ekspertizanın nəticələrini özündə əks etdirən ekspert rəyi Qanunun 15-ci maddəsinin tələblərinə uyğun formada ekspertizanı sifariş edən şəxsə təqdim edilir.

3.5. İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası müraciət əsasında, informasiya məhsulunun istehsalçısı və ya yayıcısına, həmçinin ekspert təşkilatına informasiya məhsulunun yaş kateqoriyasına aid edilməsi ilə bağlı tövsiyələr verir.