XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2020 - 22:23

“Belə səhvə bir daha yol vermək olmaz” –Mütəxəssislərdən karantin rejimi ilə bağlı fərqli rəylər

3 gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb.

Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanların gündəlik sayı, bu virusa gündəlik yoluxanları üstələməkdədir.

Belə olan halda, sərt karantin rejimin davam etdirilməsinə ehtiyac varmı? Rayonlara gediş-gəliş qadağası aradan qaldırıla bilərmi? Yumşalmalar əvvəl olduğu kimi yenidən yoluxmaların artımasına səbəb ola bilməzmi?

Doktor Zülfüqar Yusifov “Turan” informasiya agentliyinə deyib ki, yoluxma və sağalma ilə gündəlik elan edilən rəqəmlər təsadüf yox, tendensiyadır: “Hər halın bir yoxuşu olduğu kimi enişi də var, görünür indi pandmeiya eniş mərhələsinə başlayıb. Avqustun sonuna yəqin ki, daha aşağı nöqtələrinə gəlinəcək”.

Sərt karantin rejimi və digər yasaqların aradan qaldırılmasına gəlincə, Z. Yusifov bunu mümkün sayır və hesab edir ki, bunlar hər bir halda lazımdır: “Bu yumşalmalar pandmeiyadan kənar sağlamlığa neqativ təsir göstərən faktorları aradan qaldırmaq üçün lazmdır. İnsanlar yay fəslinin immunitetin güclənməsi üçün verdiyi təsirlərindən istifadə edə bilməlidirlər”.

Doktor hesab edir ki, bütün hallarda maska taxılmalı, sosial məsafə gözlənməli və gigiyena tələblərinəəməl olunmalıdır. Z. Yusifovun fikrincə, yumşalmalara gedilməsə və insanlar evə qapnaıb qalsalar, dövlət onlara sosial dəstək verməlidir:“Amma tək ödəmələrlə iş bitmir, uzun müddətli evdə qalmaq insnaların psioloji vəziyyətinə mənfi təsir göstərir, əsas bunu aradan qaldırmaq lazımdır”.

Ölkənin baş infeksionisti Cəlal İsayev isə hələ tələsməməyi məsləhət görüb: “Gündəlik yoluxma sayı son günlərdə 300-ə enib. Qarşıda hələ prosesləri izləmək üçün bir neçə gün var. Bu qalan müddət də, bu tendensiya davam edərsə, hesab edirəm ki, müəyyən yumşaldılmalara gediləcək. Amma bu yumşaldılmaların mahiyyəti nə olacaqsa, o barədə qərarı Operativ Qərargah verəcək. Amma buna qədər, yəqin ki, rayonlarda olan situasiyalar da öyrəniləcək. Bundan sonra bu barədə qərar veriləcək”. 

O, hesab edir ki, bu məsələdə tələsmək olmaz: “Çünki bir dəfə may ayında tələskənlik oldu, odur ki, belə səhvə bir daha yol vermək olmaz”.

Doktor Vasif İsmayıl isə mövzu ilə bağlı “Azadlıq” radiosuna deyib ki, bu rəqəmlər müəyyən yumşalmalara yol aça bilər. Onun dediyinə görə, yumşalmalara gedilməsi, o cümlədən rayonlara gediş-gəlişin açılması və başqa tədbirlər barədə bir qrup həkimin təkliflər paketi də mediada açıqlanıb: “Həmin təkliflər paketində rayonlara gediş-gəlişin açılması da əksini tapırdı. Eyni zamanda, insanlara karantin davranışlarına əməl olunması izah edilməlidir. Çünki bu virusun hələ nə qədər davam edəcəyi bəlli deyil. Odur ki, bu virusla yanaşı yaşamağı öyrənməliyik”.