XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2020 - 14:42

Daha bir COVID-19 xəstəsi evi icazəsiz tərk etdiyi üçün saxlanılıb –Açıqlama

Balakən Rayon Polis Şöbəsinə  COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, ancaq o, qaydaları pozaraq yaşayış yerini tərk edib.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib. T.Məmmədovun mağazaya və başqa bir neçə yerə getdiyi məlum olub. Polis əməkdaşları və həkimlərin müşayiəti ilə o, Təcili Tibbi Yardım avtomobilinə əyləşdirilərək, koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk etdiyinə görə, onunla profilaktik söhbətlər aparılıb. Bu hərəkətinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılaraq ciddi xəbərdarlıq edilmişdi. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub.

Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün  Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.