XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 09:00

“Öz siyasətçilərini öldürən, zəhərləyən dövlət böyük ola bilməz”- Şahin Cəfərli

Şahin Cəfərli,

politoloq

 

Almaniyadan Navalnını aparmaq üçün təyyarə gəlib.

Təyyarədə xəstəni nəql etmək üçün sovet dövründən qalmış Omsk xəstəxanasındakından daha yaxşı şərait var – süni tənəffüs aparatı, EKMO cihazı və s. Amma “Yedinaya Rossiya”nın üzvü olan baş həkim (aydındır ki, Kreml) hələ icazə vermir. Guya nəql zamanı xəstəyə təhlükə yarana bilər.

Xəstəxana 1 sutka sonra nəhayət ki, “raboçiy diaqnoz” açıqlayıb. İddia edirlər ki, Navalnının orqanizmində maddələr mübadiləsi pozulubmuş, bu isə qanda şəkərin miqdarının kəskin azalmasından qaynaqlana bilər.

Təbii ki, inandırıcı deyil. Yaxınlarının gümanlarına görə, Navalnının orqanizmindəki toksini tam çıxarmağa çalışırlar ki, alman həkimlər onun hansı toksik maddə ilə zəhərləndiyini müəyyən edə bilməsinlər.

Bir vaxtlar NKVD-nin (daha sonra KQB) “Laboratoriya X” adlanan toksikoloji laboratoriyası var idi. (Bu barədə NKVD-nin 4-cü idarəsinin rəisi olmiş general Pavel Sudoplatovun kitabında ətraflı bəhs olunur.) Laboratoriyaya 1920-ci illərin əvəllərində Bakıda çalışmış Qriqori Mayranovski rəhbərlik edirdi.

Bu laboratoriyada sovet dövlətinin düşmənlərini aradan götürmək üçün müxtəlif zəhərlər hazırlanması üçün tədqiqatlar aparılırdı. Hazırlanan zəhər nümunələri məhkumların üzərində sınaqdan keçirilirdi. Sonradan mühacirləri, Ukrayna millətçilərini (məsələn, Stepan Bandera) və istifadə müddəti bitmiş agentləri aradan götürmək üçün həmin zəhərlərdən istifadə olunmuşdu.

“Doktor Smert” ləqəbi ilə tanınan Mayranovski sovet dövlətinə sidq ürəkdən xidmət etmiş digər xüsusi xidmət zabitləri – Sverdlov, Eytinqon və Rayxmanla birlikdə 1951-ci ildə həbs olundu. Onları “sionist qəsd”in (zaqovor) iştirakçısı kimi sovet rəhbərliyini aradan götürərək hakimiyyəti ələ keçirməyə cəhddə ittiham etdilər.

Naum Eytinqon Stalinin qərarı ilə Meksikada Trotskinin aradan götürülməsi əməliyyatını yüksək peşəkarlıqla hazırlayıb, həyata keçirən şəxs idi. İspan kommunistləri – xanım Karidad Merkader və onun oğlu, Trotskini öldürən Roman Merkaderi bu işə Eytinqon cəlb etmişdi. Yeri gəlmişkən, dünən bu hadisənin 80-ci ildönümü idi, bu gün isə sovet ordusunun Çexoslovakiyaya daxil olaraq “Praqa baharı”nı qan içində boğmasının 52-ci ildönümüdür…

Rusiya xüsusi xidmətləri NKVD-KQB ənənələri və metodlarını bu gün də davam etdirirlər. Özü də yerli siyasətçilərə qarşı. Rusiya coğrafi cəhətdən ən böyük dövlət olsa da, mənəvi cəhətdən kiçikdir. Öz siyasətçilərini öldürən, zəhərləyən dövlət böyük ola bilməz.