XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2020 - 18:38

“Gömrük sahəsi ilə bağlı dəyişiklik edilmiş Qaydaların araşdırılmasına ehtiyac var” –Deputat

Azərbaycanda şəxsi istifadə üçün xaricdən malların gətirilməsi qaydaları sərtləşdirilir: həm gətirilən məhsula tətbiq edilən güzəşt limiti kəskin azaldılır, həm də güzəştdən istifadə ayda bir dəfəyə endirilir.

Belə ki, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, indiki dövrdə pandemiya ilə bağlı tətbiq edilən karantin rejimində belə bir qərarın verilməsi heç də uğurlu hesab edilə bilməz. Onun sözlərinə görə, insanlar qiymət fərqinə bağlı olaraq öz ehtiyacları üçün malları əsasən qonşu ölkələrdən gətirir və ya alırdılar. Lakin yeni qərarın tətbiqi nəticəsində ailə həmin məhsula daha çox xərc çəkməli olacaq ki, bu da onun büdcəsinin daha da azalmasına səbəb ola bilər.

Eyni zamanda, limitdən istifadənin bir dəfə ilə məhdudlaşdırılması məsələni daha qəlizləşdirir.

“Həmçinin, əgər əvvəlcə güzəşt tətbiq edilərkən ay ərzində hissə-hissə gətirilən malların məbləğləri toplanırdısa, yeni qərarla sadəcə bir dəfə güzəşt tətbiq edilir, yəni bir dəfə limitdən aşağı məbləğ olsa da artıq icazəniz “yanır”. Məsələn, siz 50 dollarlıq məhsul gətirirsinizsə, artıq tətbiq olunan limitdən istifadə etmiş sayılırsınız. İkinci dəfə gətirilən 50 dollarlıq məhsul üçün artıq rüsum tətbiq ediləcək”, – deyə ekspert bildirib.

Qeyd edək ki, bu kimi qərarları yerli istehsalın yetərli inkişafından sonra tətbiq etməyi daha məqsədəuyğun hesab etmək olar.

Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirib ki, bu qərar sui-istifadə halları ilə əlaqədar verilsə də, onun yenə də araşdırılmasına ehtiyac var.

“Bizdə çoxlu vergidən yayınma halları var. Sui-istifadə halları çoxdur. Güzəştdən istifadə edib külli miqdarda mal gətirirlər. Xüsusilə də, yəqin ki, qərar ölkəyə gətirilən telefon və bir sıra digər məhsullarla əlaqədardır. Vergidən yayınma çox olub ki, belə addım atılıb. Dünya təcrübəsini də götürsək, güzəşt tətbiq edilən limit elə də çox deyil. Yəqin ki, müəyyən araşdırmalar aparıb, qərar veriblər. Amma düşünürəm ki, araşdırmağa ehtiyac var. Hələlik dəyişikliklə bağlı hər hansı təklifdən danışmaq tezdir. Yeni qərar 1-2 ay işləyəndən sonra dəyişikliklə bağlı fikir bildirmək olar”, – deyə millət vəkili bildirib.

Dövlət Gömrük Komitəsi sözügedən məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.

Xatırladaq ki, qüvvədə olan Qaydalara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə  hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1 500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1 000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilərdi. (apa)