XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 13:11

“Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər…” – Prezidentdən məmurlara daha bir kəskin xəbərdarlıq

“İndi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Bu materiallar təhlil edilməlidir. Əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binalarda üzlüklər sökülməlidir. Bunu tez bir zamanda etmək lazımdır. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların üzlükləri sökülməlidir, ondan sonra təmir olunar”.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının iclasında deyib.

Prezident bildirib ki, Nazirlər Kabineti tezliklə həm həlak olanların ailələrinə, həm də yaralılara göstəriləcək maddi köməyin həcmini müəyyən etməli və bununla bağlı təklif verməlidir: “Burada da yubanma olmasın, çox vaxt aparmasın. O vaxta qədər Bakı şəhər İcra Hakimiyyəti bütün qalan məsələləri öz üzərinə götürür”.

Dövlət başçısı deyib ki, birincisi, həlak olanların ailələrinə maddi təminat verilməlidir: “Maddi təminat mənzil həcminə görə olmamalıdır. İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi təminat verilməlidir. Onun məbləği müəyyən edilməlidir və bütün yanmış mənzillərin ev əşyaları – mebeldən tutmuş qab-qacağa qədər dövlət tərəfindən yüksək səviyyədə təmin edilməlidir. Ona görə bütün siyahılar var ki, eyni zamanda evlərdə insanların sənədləri də yanıb. Onlar bərpa edilməlidir, Daxili İşlər Nazirliyi, “ASAN xidmət” və digər müvafiq qurumlar tezliklə bütün sənədləri bərpa etməlidirlər”(ANS)

“Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. çünki öz məsuliyyətlərini dərk etməyiblər. Vaxt gələcək, ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq”.

Strateq.az APA-ya istinadən xəbər verir ki, bunu da bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, həmin iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar: “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzanı çək”.