Bəşər Əsəd öz qardaşı Mahiri 4. Ordu Komandanlığı vəzifəsinindən uzaqlaşdırıb.
Strateq.az-ın rejimə yaxın qaynaqlara istinadən verdiyi xəbərə görə, 15 min əsgəri olan 4. Ordunun rəhbərliyinə Əli Mahmud adlı general gətirilib.
Hafiz Əsədın ən kiçik övladı Mahir Respublika Keşikçiləri qvardiyası və Dördüncü Zirehli diviziyası adlı hərbi birləşmələrin komandiri olmaqla birlikdə, həm də gizli polis və milli təhlükəsizlik orqanlarına rəhbərlik edirdi.
Xüsusi qəddarlığı ilə ad çıxaran Mahir Əsədin istefaya göndərilməsi Suriya rejimindən indiyə qədər tələb edilən bütün islahatların birinci maddəsi olub. 2011-ci ildə Türkiyə hökumətinin xüsusi bir nümayəndə ilə Dəməşqə göndərdiyi islahat tələblərini ehtiva edən məktubunda da Mahir Əsədin ordudakı vəzifəsindən uzaqlaşdırılması məsələsi yer almışdı. Məktubun mətni ortaya çıxandan sonra iki ölkə arasındakı münasibətlər tamamilə pozulmuş, indiyə qədər davam edən qanlı vətəndaş müharibəsi başlamışdı.
Mahir Əsəd Suriyada vətəndaş müharibəsinin başladığı gündən bu yana nümayişçilərin üzərinə atəş açılması, şəhərlərin bombalanması və çox sayda vətəndaşın qətlində günahlandırılır.
2012-ci ilin 18 iyulunda Dəməşqdə Milli Təhlükəsizlik Nazirliyinin binasında törədilən hücumda yaralandığı, iki ayağının qopduğu, daha sonra Rusiyada müalicə gördüyü sırada öldüyü iddia edilən Mahir Əsədin məmləkəti Lazkiyənin Kardaha kəndində basdırıldığı önə sürülmüşdü. Daha sonra bu iddialar təkzib olunmuş, Suriyanın ən mərhəmətsiz adamının yaşadığı, hətta yoldaşının hamilə olduğu ortaya çıxmışdı. Məlum olmuşdur ki, partlayış sırasında o, həmin binada yox imiş. Bəşər Əsədlə bərabər toplantı keçiriləcək binaya gəlməyə hazırlaşırmış. Əsəd qardaşları yoldaykən, partlayış baş vermiş, binadakı əksər adamlar ölmüş və ya ölümcül yaranlamışdılar. Ölənlər arasında Suriyanın Müdafiə naziri Davud Racita, Milli Təhlükəsizlik naziri və Əsədlərin yeznəsi Asif Şövkət də var idi.
O dövrdən sonra nüfuzu daha da möhkəmlənən Mahir Əsəd, faktiki olaraq, ölkənin bütün hərbi qüvvəsini əlində cəmləşdirən gücə çevrilmişdi. Mahirin bundan sonra gözə çox görünmədiyi, bütün hərbi təlimatlarını və əmrlərini telefonla verdiyi, hətta hərbi əməliyyatlara da bu cür rəhbərlik etdiyi bildirilirdi.
Son 5 ildə həyata keçirilən bir çox qətliamlarda adı hallanan Mahirin baş nazir postuna namizədliyi irəli sürülsə də, məhz bu qəddarlığına görə, Əsəd rejimi tərəfindən buna layiq görülməmişdir. Əsəd ailəsinin içində belə “başdanxarab” kimi qəbul edilən bu adam yenə də ölkənin əsas idarəcilərindən biri, hətta Bəşərdən sonra ikinci nüfuz sahibi kimi tanınırdı.
Görünür, öz beynəlxalq himayəçilərinin, xüsusilə də Rusiyanın başqa hava çaldığını anlayan Bəşər Əsəd indi 5 il əvvəl səsləndirilən Qərb havasına oynamaq niyyətindədir. Gec deyilmi, əcəba? Bu sualın cavabı Qərbin münasibətindən bilinəcək.