Aİ NÜMAYƏNDƏSİ TÜRKİYƏNİ SANKSİYA İLƏ HƏDƏLƏDİ:"Türkiyə birtərəfli hərəkətlərdən çəkinməlidir"

“Şərqi Aralıq dənizi böhranında diplomatik irəliləyiş olmasa, Aİ Türkiyəyə sanksiyalar tətbiq edəcək”.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Almaniyanın Xarici İşlər nazir Hayko Maas ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Cozep Borrell individual şəxslərə yönəldiləcək mümkün sanksiyaların siyahısını tərtib etməyə başlayacağını söyləyib. O bildirib ki, bu sanksiyalar aktivlərə, gəmilərə aid edilə, habelə Türkiyənin Avropa limanlarına girişinin məhdudlaşdırılmasına qədər genişləndirilə bilər: “Əgər diplomatik irəliləyiş olmasa, bu addımlar Aİ liderlərinin sentyabrın 24-də Brüsseldə keçiriləcək görüşündə müzakirə oluna bilər.
Türkiyə birtərəfli hərəkətlərdən çəkinməlidir. Bu, dialoqun inkişafı üçün vacib elementdir. Türkiyənin davranışı ilə bağlı artan məyusluq var. Biz dialoq üçün yer saxlamaqla ümumi maraqlarımızın müdafiəsində kollektiv güc göstərmək arasında incə bir xətt çəkməliyik . Biz dialoqa ciddi bir şans vermək istəyirik”. /APA