XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2020 - 14:38

“Çalışırıq ki, “Qarabağ” – “Molde” matçı Bakıda keçirilsin” –Elxan Məmmədov

“Püşkə əsasən, oyun Bakıda olmalıdır. Lakin müxtəlif ölkələrdə fərqli-fərqli qaydalar tətbiq olunur. Bunu nəzərə alaraq, əlavə danışıqlar aparılır”. 

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qarabağ” və Norveçin “Molde” komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ətrafında yaranmış situasiyanı şərh edərkən deyib.

Milli assosiasiya rəsmisi oyunun Azərbaycan paytaxtında təşkili üçün Ağdam təmsilçisi ilə birgə çalışdıqlarını diqqətə çatdırıb: “AFFA, “Qarabağ” rəhbərliyi və nümayəndələri gün ərzində bir neçə dəfə UEFA, Norveç Futbol Federasiyası və “Molde” rəsmiləri ilə danışıqlar aparırlar. Hələ oyunun məkanı ilə bağlı qərar verilməyib. Çünki Norveçdə fərqli karantin rejimi tətbiq olunmaqdadır. Ümidvaram ki, tezliklə müvafiq qərar qəbul ediləcək”.

Qeyd edək ki, “Molde” Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinlə üzləşəcəyini əsas gətirərək, “Qarabağ”la matçın neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu hələlik oyunun konkret tarixi və məkanı ilə bağlı qərar qəbul etməyib. (report)