XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 14:46

Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb –FOTO

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının ölkəmizə təyin edilmiş yeni səfiri Seyid Abbas Musəvini qəbul edib.

Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, İran səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.

Nazir Seyid Abbas Musəvini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından bəhs edib, əməkdaşlıq gündəliyində duran məsələlərin səmərəli şəkildə həyata keçirilməsi yolları üzrə fikir mübadiləsi aparıblar. Çoxtərəfli platformalarda uğurla əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib.

Səfir Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Səfir İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ən səmimi arzularını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. İran səfiri ikitərəfli münasibətlərin dərinləşməsində böyük potensialın olduğunu vurğulayıb.

Nazir Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.

Öz növbəsində, Seyid Abbas Musəvi münaqişə məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə İranın Azərbaycanın mövqeyini dəstəklədiyini və ölkəsinin münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazır olduğunu vurğulayıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.