XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2020 - 21:59

“Əmək hüquqları sistemində çoxsaylı yeniliklər gözlənilir” –Nazir

Son illərdə yaradılmış rəqəmsal texnologiyalar pandemiya dövründə sosial dəstək tədbirlərinin təmassız, tam şəffaf və çevik təşkilində adi vaxtlarda olduğundan daha böyük üstünlüklər, imkanlar yaratdı.

Belə innovasiyaların geniş tətbiqi qarşıdakı dövrdə də sosial islahatların əsas xəttini təşkil edəcək. Əmək hüquqları sistemində işçilərin və işəgötürənlərin mənafelərinin daha dolğun təminatı məqsədilə, yerli və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan çoxsaylı yeniliklər olacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Caspian Energy Club”un “Online B2G Forumu”nda bildirib.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev əmək və məşğulluq, sosial müdafiə sahəsində islahatların “Caspian Energy Club” üzvləri üçün böyük maraq kəsb etdiyini, hazırkı görüşün bu sahədə məlumat mübadiləsi, şirkətlərin müvafiq suallarının cavablandırılması, təkliflərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

S.Babayev  Prezident İlham Əliyevin tapşırıqlarına əsasən pandemiya dövründə həyata keçirilən, 4 istiqamətdə 12 tədbiri əhatə edən sosial dəstək paketini diqqətə çatdırıb. Məşğulluğun və işçilərin əməkhaqqı gəlirlərinin qorunması, fərdi sahibkarların maddi dəstəklənməsi, ərzaq dəstəyi tədbirləri, birdəfəlik ödəmə proqramı, sosial müdafiə, özünüməşğulluq, ödənişli ictimai işlər proqramlarının genişləndirilməsi işləri barədə məlumat verib. Görülən tədbirlərin müsbət nəticəsi kimi, əmək müqavilələrinin sayında və əmək haqqı fondunda, sosial ödənişlərdə artımları qeyd edib.

Nazir DOST layihəsinin uğurlarını, innovativ üstünlüklərini diqqətə çatdırıb. Ötən ildən 3 DOST mərkəzinin yaradıldığını, paytaxtın 8 rayonunun bu mərkəzlərin xidmətlərindən faydalandığını bildirib. Hazırda 7 şəhər və rayonda DOST mərkəzlərinin açılması üçün işlər aparıldığını deyib.

O, “E-sosial” portalının üstünlükləri və funksional imkanlarından bəhs edib. Bildirib ki, Nazirliyin bu gün 53 e-xidməti, o cümlədən 26 proaktiv xidməti var, daha 57 e-xidməti də istifadəyə veriləcək. Onlardan 7 e-xidmət ilin sonuna qədər işə salınacaq. Ümumən gələn il nazirlik üzrə e-xidmətlərin sayı 100-ə, proaktiv xidmətlərin sayı isə 51-ə çatacaq. Yəni qurumun 132 xidmətindən 76 faizi elektronlaşacaq.

S.Babayev məşğulluq xidmətlərinin rəqəmsal müstəvidə müasirləşdirilməsi işlərini qeyd edib. Vahid əmək münasibətləri platforması rolunu oynayacaq  “Əmək münasibətləri və məşğulluq” altsisteminin, Məşğulluq xəritəsinin, Məşğul şəxslərin reyestrinin hazırlanmaqda olduğunu deyib.

Nazir bildirib ki, əmək müfəttişliyi sistemində ISO-37001 antikorrupsiya standartlarının tətbiqi də gələn il artıq başa çatacaq. Əmək Məcəlləsinə xeyli dəyişikliklər də nəzərdə tutulub. Məcəlləyə “ailə vəzifələri olan işçi”, “distant (məsafədən) iş”, “teleiş” və s. kimi yeni anlayışlar daxil ediləcək.  Bu il xüsusi karantin dövründə də əmək funksiyalarının daha çox “distant (məsafədən) iş”, “teleiş” kimi formalarda yerinə yetirilməsi təcrübəsi də həmin anlayışların  əmək qanunvericiliyinə daxil edilməsinin önəmini göstərir.

S.Babayev bildirib ki, əmək münasibətlərində dolayı yolla ayrı-seçkiliyə yol verilməməsi, əmək müqaviləsinin imzalanması və tətbiqində, habelə müddətli əmək müqaviləsinin bağlanılmasında bəzən yol verilən sui-istifadə hallarının qarşısının alınması, işçinin əmək şəraiti şərtlərinin dəyişdirilməsinin qərəzli, qeyri-obyektiv xarakter daşımaması və s. üçün Məcəllədə dəyişiklikər ediləcək. Müharibə veteranı olan işçilərə verilən əmək məzuniyyətinin müddətinin uzadılması və s. də layihədə yer alıb.

“Online B2G Forum”da şirkət rəhbərləri və nümayəndələrinin sualları cavablandırılıb, səslənən təkliflərə dair fikir mübadiləsi aparılıb. Biznes nümayəndələri ilə dövlət qurumları arasında dialoqun aktivləşdirilməsi məqsədilə “Caspian Energy Club” ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında daimi işçi qrupunun yaradılması təşəbbüsü də müzakirə edilib.

2002-ci ildə yaradılan və mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirir. Əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.