XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 22:41

Svetlana Tixanovskaya:"Bu qondarma andiçmə mərasimi, sözsüz, məzhəkə idi"

“Bu qondarma andiçmə mərasimi, sözsüz, məzhəkə idi. Əslində, bu gün Lukaşenko sadəcə pensiyaya çıxdı”.

“Report” xəbər verir ki, bunu avqustun 9-da Belarusda keçirilmiş prezident seçkisində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya söyləyib.

“Mən, Svetlana Tixanovskaya Belarus xalqının seçdiyi yeganə liderəm. Bizim əsas hədəfimiz yeni Belarusu qurmaqdır”, – o vurğulayıb.

S.Tixanovskaya bildirib ki, Brüsselə səfərini iki gün əvvəl başa vurub: “Avropa liderləri, xarici işlər nazirləri ilə görüşdüm, Avropa Parlamentində çıxış etdim və Belarus diaspor təşkilatları ilə əlaqə qurdum. Avropa ölkələri zorakılığın dayandırılması, siyasi məhbusların sərbəst buraxılması və yeni – ədalətli və şəffaf seçkilərin keçirilməsi tələbində Belarus xalqını dəstəkləyirlər. Onlar real yardım göstərməyə hazırdırlar – demokratiyanın qələbəsindən sonra Belarus üçün nəzərdə tutulan ciddi investisiya paketləri var. Birlikdə qazanacağıq”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkisi keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkidə yekun nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. O, 1994-cü ildən hakimiyyətdədir.

Prezident seçkisinin nəticələrinə etiraz olaraq ölkənin bir sıra bölgələrində kütləvi aksiyalar keçirilib. Aksiyalar hələ də davam edir. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.

A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına müraciət edərək xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Seçkidən iki gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Sentyabrın 23-də Belarusun paytaxtı Minskdə Müstəqillik Sarayında A.Lukaşenkonun andiçmə mərasimi keçirilib.