XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2016 - 20:41

Şanxay Əməkdaşlıq TəşkilatıAzərbaycana nə verə bilər?

Shanxay-Emekdashliq

 

Çərşənbə axşamı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tərəfdaş statusu ilə qoşulan Nepalın baş naziri Pekində müvafiq memorandumu imzalayıb.

Nepal ŞƏT-də tərəfdaş statusu qazanan növbəti ölkə olub. Bundan əvvəl, martın 14-ü təşkilatın Dialoq üzrə Tərəfdaşı statusunu təsdiqləyən memoranduma Azərbaycan imza atıb.

Bu arada əsasən Şərq ölkələrini birləşdirən təşkilatla münasibətlərin daha da genişləndirilməsi Azərbaycan təhlilçiləri arasında fərqli baxış ortaya qoyub. Bəzi təhlilçilər Azərbaycanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün bu təşkilatla əməkdaşlığa başlamasına ehtiyac olmadığını, bunun iqtisadi deyil, "siyasi motivli" olduğunu düşünür.

Buna etiraz edənlər isə addımın "uğurlu əməkdaşlıq" olduğunu hesab edir.

"Manipulyasiya edən" təşkilat

İqtisadçı Zöhrab İsmayıl, Azərbaycanın bu təşkilatın rəsmi dialoq tərəfdaşı olmasında nə problem, nə də fayda görür.

Ekspert düşünür ki, dünyanın iqtisadi nəhəngi olan Çin və hazırda güclü siyasi təsir imkanlarına malik Rusiya kimi dövlətin Şanxay Əməkdaşlıq Təşkilatında aparıcı olmasına baxmayaraq qurumun nə Amerika Birləşmiş Ştatları, nə də Avropa kimi böyük iqtisadi potensialı var.

Ona görə də təşkilatda dialoq tərəfdaşı kimi “aşağı statusla” təmsil olunmaqla ordan hər hansı iqtisadi fayda götürmək mümkün deyil.

Bunları əsas tutan iqtisadçı deyir ki, Azərbaycanın ŞƏT-lə məhz indi sıx əməkdaşlığa başlamasına səbəb özünü siyasi cəhətdən "sığortalamaq" üçün Rusiyanın maraqlarına uyğun addım ataraq onun “gözünü oxşamaqdır”.

Ekspertin təhlilinə görə, Azərbaycan bu addımı ilə insan haqları sahəsində mütəmadi onu tənqid edən Avropanı neft və qaz sahəsindəki iqtisadi əməkdaşlığını “manipulyasiya edir”.

“Şərq tərəfdaşlığı təşkilatı Qərblə Rusiya arasında qalan ölkələri manipulyasiya edən təşkilata çevrilib. Qərbdən küsən kimi hamısı deyir ki, məni tənqid etmə, yoxsa üzümü Rusiyaya tuta bilərəm və ya gedib təşkilata üzv olacam. Bu isə Qərbin Azərbaycana qarşı yumşalmasına kömək edir”- deyə ekspert bunun həm də keçərli “şantaj” olduğunu deyir.

Ekspert Azərbaycanın bu təşkilatla əməkdaşlığının genişləndirməsinin, hökumətin ətraflı islahatlar aparmağa “meyilli olmadığının” əlaməti olduğunu düşünür.

“Azərbaycan Qərbdən borc pul almaqda maraqlı deyil. Çünki Qərb pulu verir və səndə müəyyən islahat paketlərini maliyyələşdirir. Daha Səudiyyə Ərəbistanı və ya Çin kimi pulu sadəcə vermir ki, sonra qaytararsan”, ekspert fikrini belə əsaslandırır.

 

Rasim Musabeyov

 

Millət vəkili Rasim Musabəyov Azərbaycanın təşkilatla sıx əməkdaşlığa indi başlamasını qurumun və özünün bu günkü iqtisadi mövqeyinin dəyişməsi ilə əlaqələndirir.

“Nə Azərbaycan, nə də Çin bu gün 16 il əvvəl olduğu kimi deyil”, deyən siyasətçi, hər iki ölkəni təşkilatda bir araya gətirən səbəblərdən birinin onlar arasında olan ortaq iqtisadi maraqların olması ilə əlaqələndirir.

“Çin iqtisadi cəhətdən bu gün Xəzər dənizinin Şərqinə qədər gəlib çıxıb. SOCAR da yeni neft qaz emalı müəssisəsi tikmək istəyir. Çinin bu layihəyə cəlb olunması nəzərdən keçirilir”, siyasətçi şərh edir.

Millət vəkili əlavə edir ki, Çinin bu əməkdaşlıqda Azərbaycanın “boynuna öhdəlik” qoymaması da vacib məqamlardan biridir.

"Bu təşkilatla münasibət Azərbaycanın Qərblə əməkdaşlığına heç bir xələl gətirmir", millət vəkili əlavə edir.

"Balanslaşdırılmış siyasətin" davamı

İqtisadçı Vüqar Bayramlı hesab edir ki, təşkilat iqtisadi qurum olsa da iqtisadi layihələrə təsir imkanları yoxdur. İqtisadi təhlilçi bunu Rusiya da daxil olmaqla, təşkilatın 5 üzv dövlətinin iqtisadiyyatında geriləmələrin olması ilə əlaqələndirir.

Ona görə də ekspert fikirləşir ki, Azərbaycanın bu təşkilata qatılması “balanslaşdırılmış siyasəti” davam etdirmək xarakteri daşıyır.

"Azərbaycan Avrasiya və Gömrük İttifaqına daxil olmağa dəvət olunur. Güman olunur ki, bu tərəfdaşlıqla Azərbaycan o istiqamətdə ona olan təzyiqləri minimuma endirməyə çalışır", deyən ekspert Azərbaycanın bu addımının gələcəkdə təşkilata üzv olmaq məsələsində müsbət cavab almasına səbəb olacağını ehtimal edir.

Azərbaycanın qeyri neft məhsullarını Çin bazarına çıxarma imkanlarının məhdud olduğunu deyən ekspert, üzv ölkələrin bazarına çıxmaq üçün onun MDB üzvlüyünün kifayət etdiyini vurğulayır. "Bunu isə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında olmadan da edə bilər", iqtisadçı əlavə edir.

"Azərbaycanın təşkilatdakı hazırki statusu isə ölkəyə yalnız regional layihələrdə iştirak etmək imkanı verir", təhlilçi deyir.

Bu perspektivdən yanaşaraq o, Azərbaycanın Çinlə Avropanı birləşdirən yeni dəhlizin tikilməsi layihəsində tranzit ölkə kimi iştirak imkanın genişləndirməyə çalışdığını ehtimal edir.

 

Millət vəkili Vahid Əhmədov isə diqqəti Çindən Azərbaycana idxal olunan qeyri ərzaq məhsullarının əhəmiyyətinə yönəldir.

"Daha çox beynəlxalq təşkilatlarda təmsil olunmaq öhdəlik deyil, daha sıx və iqtisadi əlaqələr qurmaqdır", deyən millət vəkili Azərbaycanın "dialoq tərəfdaşı" statusunun ona yaradacağı iqtisadi müzakirələrə qatılmaq imkanının gələcəkdə ölkəyə investisiyaların cəlbinə böyük töhvə verə biləcəyini vurğulayır.

Azərbaycanın ŞƏT-ə məhz üzv dölətlərin istəyi ilə qatıldığını deyən siyasətçi, ölkənin "özünü Rusiyaya yaxın göstərməsinin" heç bir əhəmiyyət daşımadığını vurğulayır.

"Biz onsuz da Rusiya ilə yaxınıq. Rusiya istəyir ki, Azərbaycan onun himayəsi altında olsun, amma o zaman deyil indi. Biz müstəqil dövlətik və müstəqil də siyasıətimizi davam etdiririk", millət vəkili bu addımın kökündə iqtisadi əlaqələri genişləndirməyin dayandığını deyir.

"Kimsə öz siyasətini Azərbaycana diqtə edirsə bu alınmayacaq" deyən Cənab Əhmədov Azərbaycanın "bərabərhüquqlu siyasət yeritmək istəyən hər kəslə əməkdaşlığa açıq" olduğunu bildirir.

Cənab Əhmədov düşünür ki, üzvləri İpək Yolu üzərində yerləşən ŞƏT-in Azərbaycan ilə əməkdaşlığının genişlənməsi nəqliyyat sahəsində yeni imkanlar açacaq.

BBC Azərbaycan