XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2020 - 12:59

Tələbə adı qazananların qəbul haqqında əmri qeydiyyat proseduru başa çatdıqdan sonra veriləcək –DİM

Bu il ali məktəblərə qəbul olaraq tələbə adı qazanan şəxslərin qəbul haqqında əmri qeydiyyat proseduru başa çatdıqdan sonra veriləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, tələbə adı qazanmış şəxslərin qeydiyyatına sentyabrın 25-dən başlanılıb. Onlar oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

“Oktyabrın 7-də bu qeydiyyat proseduru tamamlandıqdan sonra biz tələbə adını qazananların qəbul haqqında əmrini verəcəyik. Çünki ola bilər ki, hansısa abituriyent ali məktəbə qəbul olsa da, o məktəbdə oxumaq üçün qeydiyyatdan keçməsin. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”.

X.Xanlarzadə abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirildiyini də nəzərə çatdırıb.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.