XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 14:23

Keçmiş səfir:"Ərdoğanın Azərbaycana dəstəyi sonadək davam edəcək"

“İki tərəfin bir-birini müharibədə xarici muzdlulardan, xüsusən də Suriyadakı silahlı müxaliflərdən istifadə etməkdə günahlandırılmasına dair heç bir dəlil yoxdur və bu, daha çox mənfi psixoloji atmosfer yaratmağı hədəfləyir”.

Strateq.az “Etemad”a istinadla xəbər verir ki, bunu İran nəşrinə geniş müsahibəsində İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.

“Rəsmi Bakı Suriya, Livan və İraqın erməni və kürdləri də daxil olmaqla, Ermənistan tərəfində, rəsmi İrəvan da Suriya milislərinin Azərbaycan tərəfində döyüşdüyünü iddia edir. Amma bu ittihamların doğru olduğuna dair bir dəlil yoxdur. Doğrudur, BBC və “Guardian” kimi KİV-lər əks-rəydədir. Bu cür media xəbərləri əslində, iki tərəf arasındakı eyni təbliğat və psixoloji müharibənin bir hissəsidir. Rus silahlarının Ermənistana göndərilməsi üçün İran ərazisindən istifadəsi iddiası uydurma olduğu kimi, muzdlu iddiaları da dəlilsizdir. Bu cür təbliğatın həqiqiliyi şübhə altına alınmalı və bu cür hesabatlar şübhə ilə oxunmalıdır”.

Möhsün Pakayin sözünün davamında bildirib: “Təsbit olmuş məsələ hər iki tərəfin də xarici silahlardan istifadə etməsidir. Şübhəsiz, hər iki tərəfdəki bütün qüvvələr yerli olsa da, sərəncamlarındakı silahların hamısı xaricidir. Rusiya və İsrail bu iki ölkənin əsas silah tədarükçülərindən biridir. Əslində, xarici hökumətlər münaqişədə bu cür iştirak edirlər”.

Eks-səfir bildirib ki, “Türkiyənin müharibədə birbaşa iştirakı barədə iddia da dəlillərlə təsdiqlənmir. Gələcəkdə belə şeylər ola bilər, amma hələlik qətiliklə təsdiqlənən Ermənistanla Azərbaycan hərbi qüvvələri arasında birbaşa hərbi qarşıdurmadır”.

Möhsün Pakayinin sözlərinə görə, “Türkiyə Azərbaycan Respublikasının çoxdankı dostudur. Ankara bir əsrdən çoxdur ki, “erməni soyqırımı” iddiaları ucbatından İrəvanla problemlər yaşayır. Türkiyə və Ermənistan arasında rəsmi siyasi əlaqələr yoxdur. Əksinə, Azərbaycan Respublikası ilə ortaq etnik təməldə əlaqələr yaradıb və Dağlıq Qarabağ münaqişəsində Türkiyəni Bakının başlıca tərəfdarlarından biri edib. İki ölkə münasibətlərində “bir millət, iki dövlət” şüarını dərin bağlılıq əlaməti olaraq istifadə edir. Türk ordusunun bu münaqişəyə hərfən qarışması və münaqişənin tərəfi olması baş verməyib və bunun heç vaxt olmayacağını düşünürəm. Çünki müharibəni yalnız bir tərəfin xeyrinə bitməməsi, həm də müharibənin güclənməməsi üçün digər ölkələrin, xüsusən də, Rusiyanın Ermənistanı dəstəkləmə ehtimalı güclənir. Bu qarşıdurmanın ağırlaşması siyasi həll yollarını artıq təsirsiz hala gətirir. Rusiya və digər ölkələr bu anda hərbi müdaxilədən çəkinmək üçün Türkiyə ilə məsləhətləşmələr aparırlar. Hazırda Türkiyənin bu münaqişəyə qarışmaq istədiyini düşünmürəm. Hər halda, Ərdoğan hökumətinin  qarşıdurmada Azərbaycan Respublikası hökumətinə verdiyi mənəvi dəstək və tərəfkeş mövqeyi davam edəcək”.

Keçmiş səfirin fikrincə, Ermənistanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 rayonu işğal etdiyi barədə demək olar ki, qlobal bir konsensus mövcuddur və buna heç kimin şübhəsi yoxdur. “Ermənilərin özləri də Azərbaycana məxsus əlavə əraziləri işğal etdiklərini inkar etmirlər. Bildiyim qədər, Rusiya və beynəlxalq birliyin digər üzvləri də bunu təsdiqləyir. Bir neçə il əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla, Rusiyanın münaqişəni həll etmək planı çərçivəsində işğal olunmuş 5 bölgənin qeyd-şərtsiz azad edilməsi təklif olunub. Sonra qalan ərazi boşaldılmalı və siyasi mübahisələrə dair danışıqlar aparılmalı idi. İrəvan bu planı qəbul etməyib”.

Möhsün Pakayin Rusiyanın ənənəvi olaraq Ermənistanın tərəfdarı və müttəfiqi olduğunu təsdiqləyib. “Onun Ermənistanda daimi hərbi bazası var və bu ölkəyə silahlar ixrac edir. Ancaq Vladimir Putinin prezidentliyinin ikinci dövründə Bakı ilə Moskva arasında münasibətlər çox isti və səmimi olub. Rusiyanın hər iki ölkədə də maraqları olduğundan bitərəflikdən çıxmamağa və hər iki tərəflə olan yaxşı münasibətlərindən istifadə edərək bu münaqişəni idarə etməyə çalışır. Münaqişəni qalıcı bir şəkildə həll etmək üçün güclü iradə və qətiyyət olmadığı müddətcə, üçüncü tərəflər və vasitəçi dövlətlər tərəfindən təklif olunan həllər münaqişəyə son qoymayacaq”.

Son günlərdə İranda Azərbaycana dəstək nümayişlərinə gəlincə, keçmiş səfir bunun xalqlar arasında qütbləşməni gücləndirməsi fikrindədir. “İranda azəri dilində danışan qardaş və bacılarımız bu münaqişədə Azərbaycan Respublikasına və azərbaycanlılara meyllidirlər. Amma İranda münaqişənin digər tərəfini qətiliklə dəstəkləyən erməni əsilli vətəndaşlar da var. Bununla belə, həmin meyllərin İranda müəyyən siyasi və ictimai hadisələrə səbəb olacağını düşünmürəm”.

Möhsün Pakayinin rəyinə görə, “gerçəklik budur ki, münasibətlərə baxmayaraq, İran bu münaqişəyə son qoymaq üçün təsir gücündən istifadə edə bilməz. Münaqişənin həll olunması üçün əvvəlcə Azərbaycan və Ermənistanın qətiyyəti siyasi iradəsi olmalıdır. Bu iki ölkədə qəti iradə təşəkkül tapayana qədər, İran da daxil olmaqla, vasitəçilik səyləri uğurlu olmayacaq”.