XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2020 - 10:17

Ayətullah Aref:"Qarabağı işğaldan azad etmək müsəlmanların vəzifəsidir"

“Dağlıq Qarabağ Azərbaycanın və İslam aləminin bir hissəsidir və ondan ayrılmazdır”.

Strateq.az “Axərin xəbər”ə (İran) istinadla xəbər verir ki, bunu öz bəyanatında Qum “Elmiyyə” hövzəsinin (mədrəsələrinin) rəhbəri Ayətullah Əlirza Aref bildirib.

Bəyanatda qeyd olunur ki, “Azərbaycan, xüsusən də, Lənkəran, Badkubə (Bakı) və Qarabağ bölgəsi şiəlik tarixi boyu böyük alimlərin beşiyi olub və bu diyarın alimləri həmişə elm və bilik səmasında, habelə dini hövzələrdə parıldayıblar”.

“Elmiyyə” hövzəsinin rəhbərləri, müəllim və tələbə heyəti İslam təlimlərinə və onun aydın hökmlərinə əsaslanaraq, özünü rəşadətli Azərbaycan millətini dəstəkləməyə və müdafiə etməyə borclu hesab edir. Onlar həmişə Azərbaycan xalqı ilə birlikdə olub və olacaqlar; Azərbaycanın ərazi bütövlüyünü daima vurğulayıb və fitnəkarların onu parçalamasına imkan verməyəcəklər”, – deyə bəyanatda daha sonra bildirilir.

Ayətullah Aref qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü qorumaq və İslam ölkələrində yadellilərin təsirinə müqavimət göstərmək müsəlmanların dini-şəri, mənəvi-əxlaqi və insani vəzifəsidir.

“Ümid edirəm ki, Azərbaycan alimləri, elitaları dərrakəli və şüurlu bir şəkildə İran və Azərbaycan arasında, iki millət arasında parçalanma yaratmaq istəyən düşmənlərinin sui-qəsdlərinin qarşısını alacaq və iki xalq arasındakı dərin tarixi, mədəni və dini əlaqələrin pozulmasına imkan verməyəcəklər.

Uca Tanrıdan müsəlmanların hər cəbhədə qələbə, İslam ümmətinin düşmənlərinin şərinin dəf edilməsi və İslam ümmətinin birliyi və həmrəyliyi, İslam şəhidlərinin ucalığı və müsəlman döyüşçülərinə zəfər diləyirəm”, – deyə bəyanatın sonunda qeyd olunub.