XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 17:35

Salih Yılmaz:“PKK-çıların Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşması iddia deyil, həqiqətdir”

“PKK-PYD üzvləri və muzdlu əsgərlər Dağlıq Qarabağa gətirilir və onlar Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşurlar. Bu, iddia deyil, həqiqətdir”.

Bunu APA-nın yerli bürosuna Ankara-Rusiya Araşdırmaları İnstitutunun rəhbəri, Ankara Yıldırım Beyazıt Universitetinin professoru Salih Yılmaz deyib.

O xatırladıb ki, artıq Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İraq və Suriyadan gətirilmiş PKK terrorçularının Azərbaycana qarşı döyüşdüyünə dair faktları açıqlayıb.

“Ermənistan əvvəl də Suriya və Livanda yaşayan erməniləri qanunsuz olaraq Dağlıq Qarabağa köçürüb. Ermənistan bunu ört-basdır etmək üçün sanki Azərbaycanın Suriyadan muzdlu əsgərlər gətirdiyi təbliğatını aparırdı. Lakin bu “təbliğatın” ermənilərə heç bir faydası olmayacaq. Əgər Ermənistanın Azərbaycanın işğal altında olan torpaqlarında terrorçuları yerləşdirməsi sübuta yetirilərsə, Beynəlxalq Cinayət Məhkəməsi qarşısında iddia qaldırıla bilər. Hətta Azərbaycan məsələ ilə bağlı BMT-dən araşdırma missiyasının yaradılmasını istəyə bilər. Bu təsdiq ediləcəyi təqdirdə isə Ermənistana qarşı silah embarqosunun yolu açıla bilər”, – deyə türkiyəli professor bildirib. 

Onun sözlərinə görə, Türkiyə və Azərbaycana düşmən olan kim varsa, Ermənistan onlarla əməkdaşlıq edir.

Yılmaz Ermənistan ordusunun Azərbaycanın şəhər və rayonlarını atəşə tutaraq mülki əhaliyə hücum etdiyini və bununla da müharibə cinayətləri törətdiyini vurğulayıb: “Azərbaycan bu hücumları sənədləşdirərək BMT-yə təqdim etməlidir. Bundan zərərçəkən insanlar təzminat almaq üçün beynəlxalq məhkəmələrə müraciət edə bilərlər. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri raket zərbələrinin onun əmri ilə endirildiyini mətbuat vasitəsilə açıqlayıb. Bosniya və Herseqovinada, Suriyada bir çox dövlət rəsmisi və komandirlər mühakimə olunub və cəzalarını alıblar. Hətta Azərbaycan Dağlıq Qarabağda döyüşən erməni komandirləri “İnterpol” xətti ilə axtarışa da verə bilər”.

Türkiyəli ekspert qeyd edib ki, Ermənistanın Azərbaycanla apardığı müharibə baş nazir Paşinyanın əsasən iqtisadi böhrandan və “Qarabağ klanı”nın liderləri Köçəryan və Sarkisyandan xilas olmaq planının bir parçasıdır: “Paşinyan müharibə üzərindən iqtisadi yardım əldə etmək istəyir. Bu böhrandan ən böyük zərəri isə Rusiya və Türkiyənin görəcəyini düşünüb hərəkət edir. Nəticədə Paşinyan Soros fondu və ABŞ-ın dəstəyi ilə hakimiyyət başına gəlib. Paşinyan Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə Ermənistan-Azərbaycan müharibəsini səlib yürüşlərinə bənzədərək Qərblə Şərq arasında özünü bir qalxan olaraq göstərməyə çalışdı. ABŞ-da yaxın zamanda seçkilərin keçiriləcəyini nəzərə alsaq, Paşinyanın ABŞ-dan yardım almaq məqsədilə bu müharibəyə başladığını deyə bilərik. Erməni diasporu ABŞ-da çox güclüdür. Əslində bu, Paşinyanın hiyləgər siyasətidir. Fransa-Türkiyə arasında Liviya və Şərqi Aralıq dənizində rəqabət var. Türkiyəni Liviya və Şərqi Aralıq dənizində çətin vəziyyətə salmaq üçün Fransa Ermənistanın müharibəyə başlamasına dəstək verə bilər. Türkiyənin diqqətini Liviya və Şərqi Aralıq dənizindən yayındırmaq istəyirlər”.