Ermənistanın hərbi-siyasi rəhbərliyi oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Respublika Baş Prokurorluğundan Strateq.az-a verilən məlumata görə, bu gün saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub.
Fakt üzrə Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) , 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1 (cinayətkar birlik – təşkilat tərəfindən qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb: “Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.