XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 16:07

Ombudsman Ermənistanın mülki əhaliyə təcavüzü ilə bağlı beynəlxalq təşkilatlar və dünya dövlətlərinə çağırış edib –VİDEO

“2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri təmas xəttində yerləşən yaşayış məntəqələrini ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə, intensiv şəkildə atəşə tutmaqda davam edir. Onlar mülki əhalini və mülki infrastrukturu məqsədli şəkildə hədəf alır”.

Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla bağlı beynəlxalq təşkilatlara və dünya dövlətlərinə çağırışı ilə bağlı video-müraciəti zamanı deyib.

O bildirib ki, Ermənistan ordusu tərəfindən mülki əhalinin sıx yaşadığı Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Şəmkir, Beyləqan, Goranboy, Bərdə, Ağcabədi və Yevlax rayonlarına, Mingəçevir və Gəncə şəhərlərinə ağır raket zərbələri endirilib: “Mülki infrastruktura böyük zərər dəyib. Bu hücumlar nəticəsində mülki əhali arasında itkilər olub. Onların arasında qadınlar və uşaqlar da var. Ermənistan silahlı qüvvələri azərbaycanlı mülki əhaliyə qarşı hücumlarda qadağan olunmuş kasetli bombalardan istifadə ediblər. Burda məqsəd əhalini təşvişə salmaqdır. Ermənistan mülki əhalinin sıx məskunlaşdığı əraziləri məqsədli şəkildə hədəf aldığını deməkdən çəkinmir. Bu hücumlar çoxsaylı mülki vətəndaşların həyatını itirməsinə səbəb olub”.

Ombudsmanın sözlərinə görə, ötən həftədən başlayaraq Ermənistan ərazisindən Azərbaycanın böyük sənaye şəhəri olan Mingəçevirə raket zərbələri endirilir: “Mingəçevir strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqaz regionunda ən böyük su anbarı və elektrik stansiyası Mingəçevirdə yerləşir. Bu su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarına su ötürülür. Dəfələrlə Ermənistan rəhbərliyinin Mingəçevir su anbarına zərbələr endirəcəyi ilə bağlı təhdidlərinə şahid olmuşuq və onlar bunu reallaşdırmağa bir neçə dəfə cəhd ediblər. Ötən həftə Ermənistan silahlı qüvvələri əsas neft ixrac edən kəmərlərdən birinə – Bakı-Tbilisi-Ceyhana zərbələr endirməyə cəhd etdi ki, burda məqsəd həm də böyük ekoloji böhran yaratmaqdır”.

Əliyeva qeyd edib ki, Ermənistan ordusu tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri endirilib, nəticədə 9 mülki şəxs həlak olub və 34 nəfər mülki şəxs ağır yaralanıb: “Onların arasında qadınlar və uşaqlar var. Hadisə yerində faktları toplayaraq bütün beynəlxalq təşkilatlara təqdim olunmaq üçün hesabat hazırlayırıq. Faktların toplanılması prosesində əldə olunan sübutlar bir daha göstərdi ki, Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf alıb. Bu isə beynəlxalq insan hüquqlarının kobud şəkildə pozulmasıdır və müharibə cinayətidir”.