XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 10:12

XUDANIN “AFƏRİN” DEDİYİ YERDƏ:Azərbaycan əsgəri hansı mesajı verdi?

Mətin RƏŞADOĞLU,

Strateq.az

Tarix təkərrür edir. Bu gün Xalqımız ümməti olduğu həzrəti Məhəmməd Mustafanın (s.ə.v) və əshabının yaşadığı müharibə günlərini, çəkdikləri o səbr gərəkdirən sınaqları yaşayır.

O Məhəmməd ki, doğulub böyüdüyü, ən xoş və ən acı günlərini keçirdiyi Məkkeyi-Mükərrəmədən müşriklərin çıxardığı fitnələr səbəbindən əshabı ilə birlikdə hicrət edir, uzun illərdən sonra Rəbbi Onu açıq-aşkar fəthlə, öz doğma torpağına dönməklə müjdələyir. Fəthdən öncə müşriklərlə imzaladığı Hüdeybiyyə müqaviləsi səbəbindən bir çox müsəlmanlar bu razılaşmaya etiraz etsə də, Allahın Rəsulu onlara səbri tövsiyə edir və bu sülh anlaşmasının heç də onların əleyhinə olmadığını əshabına çatdırır. Allah uzun bir sülh müqaviləsindən sonra daha da güclənmiş İslam Ordusuna göstərdikləri bu səbrin qarşılığında Məkkənin fəthini bəxş edir.

Məkkədə yaşayan müşriklər bir zamanlar zülm və işgəncə etdikləri müsəlmanların şəhərə girdikdən sonra onlara divan tutacaqlarını düşünsələr də, Peyğəmbərin Məkkə küçələrində əks-səda verən “Evinə girənin canı amandadır!” kəlamı onların ölüm qorxusundan şiddətlə döyünən qəlbinə su səpir. Böyük izdihamla Məkkəyə doğru irəliləyən on minlik İslam Ordusuna rəhbərlik edən Allah Rəsulu yollarının üzərində dayanaraq balalarına süd verən itə rast gəldiyi zaman, döyüşçülərin bilmədən itlərə zərər verəcəyini düşünərək, Ordunun getdiyi yolu başqa istiqamətdən salır. Həmin gün Rəsulallah və əshabı bir damla qan tökülmədən, Allahın əmin qıldığı Məkkeyi-Mükərrəməyə daxil olur…

Oktyabrın 10-da gecənin bir yarısı elan edilən “Humanitar atəşkəs” bəyanatı qadınlı-uşaqlı, qocalı-cavanlı hər birimizi dərindən sarsıtmış, qəlbən və ruhən incimişdik. Bir çoxumuzun ümidi üzülmüş, özüm də daxil olmaqla, əksəriyyətimiz “bura qədər imiş” deyə düşünmüşdük. Çox az bir müddət sonra isə yanıldığımızı fərqinə vardıq. Baş verənlər və bu razılaşmadan sonra gələn ard-arda zəfər xəbərləri bizim necə yanıldığımızı göstərdi. Bu gecə yenə həmin “humanitar atəşkəs” razılaşması oldu və keçən dəfə etdiyimiz səhvdən nəticə çıxararaq, səbrsizlik nümayiş etdirmədik, təmkinimizi pozmadıq. Bu səhərdən etibarən o səbrin və təmkinin sayəsində Azərbaycanın birlik, bütövlük simvolu sayılan, Allahın onu inşa edənə afərin dediyi, Xudafərin körpüsündə üçrəngli, əzəli bayrağımız şövq saçaraq dalğalanır.

Bu gün Azərbaycan əsgəri düşmənin işğal etdiyi torpaqlarımızın lap dərinliklərindədir. Səsləri Şuşanın zirvələrindən gəlir, hətta. O zirvələrdən erməni xalqının yaşadığı kəndlərə, şəhərlərə enir. Ancaq əlinə silah almayana silah doğrultmur, yaşlılara, körpələrə və qadınlara toxunmur, mülki evləri yandırıb, xaraba qoymur, bar verən ağacları kəsmir. Əməli ilə “evinə girənin və bizə silah çəkməyənin canı amandadır!” deyir. Bu, rəhmət Peyğəmbərinə ümmət olan xalqın, onun əsgərinin göstərdiyi tərbiyəsi və ədəbidir.

Düşmənə nə qədər nifrət etsək, kin qussaq da, “əlimizə düşsələr, didib-parçalayarıq!” desək də, bir Xalq olaraq qəlbimizin çox-çox dərinliyində, nəfsimizin diqtəsi ilə edəcəyimiz hər hansısa haqsızlığa “dur” deyəcək güclü vicdanımız, polad kimi bərk imanımız var. Düşmən postunda ayağı zəncirlə bağlanan erməni cəsədini görən əsgərimizin göstərdiyi insani reaksiya buna ən bariz nümunədir. Girdiyimiz bu döyüş nəfsimizin yox, ədalət hissimizin və onun diqtəsinin bizi səfərbər etdiyi döyüşdür. Nəfsimiz üçün öldürmürük, başqasına məxsus olanı zəbt etmirik. Özümüzün olanı Allahın və bəşəri qanunların da icazə verdiyi yolla geri alırıq.

Getdiyimiz bu haqq yolda, etdiyimizin sırf ədalət naminə olduğunu görən Allah da sanki bir tərəfdən bizim yolumuzu açır, öz Adil ismi ilə bizi qoruyur. Öz arsenalımızdakı silahlarla yox, elə düşməndən əldə etdiyimiz qənimətlərlə onlara qarşı döyüşsək, yenə də qazandığımız zəfərlərdən zərrə qədər itirmərik. Çünki Allah ədalət yolunu tutan xalqı da, ordunu da, o ordunun rəhbərini də izzətləndirir, düşmən qarşısında qüdrətini və zəhmini artırır. O əsgər ki, çıxdığı ədalət müharibəsində azad etdiyi torpaqlarda şanlı bayrağı qaldıraraq, ona zəfər bəxş edənin adını zikr edərək azan verirsə, o heç məğlubiyyətlə sınanarmı..? Xeyr! Çünki təkərrür edən tarixlə birgə, həm də təkərrür edən bir zəfər müjdəsi var –  “Həqiqətən, biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!”(Fəth surəsi, 1-ci ayə)

Az öncə Xudanın “afərin” dediyi yerdə şanlı bayrağımızı dalğalandıran Azərbaycan əsgəri bütün dünyaya kifayət qədər böyük mesaj verdi– Haqqıdır, Haqqa tapan millətimin istiqlal! 

Hürriyyətin əbədi olsun, Azərbaycan Xalqı! İstiqlalın əbədi olsun, Azərbaycan Dövləti!