XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 17:47

İctimai nəzarət və informasiya açıqlığı- Təhlil

Informasiya-aciqliqi

 

Qərb ölkələrində ictimai nəzarət iki əsas komponentdən ibarətdir: şəffaflıq və vətəndaş iştirakçılığı. Dövlət özü vətəndaşlar üçün açıq olur və vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək, öyrənmək hüquqununu reallaşdırılmasını təmin edir.

Dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyalarının sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnun tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır.

 

Qərb ölkələrində informasiya açıqlığı ictimai nəzarət komponenti kimi

 

Bu zaman “bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. İnformasiya açıqlığını yaratmaqla dövlət vətəndaşların bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır. Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanmasına, aradan qaldırılmasına yardım göstərir.

Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər.

Bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlbiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır. Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetmə modeli tətbiq olunur. 

Sovet təcrübəsindən fərqli olaraq, bu modeldə “ictimai iştirakçlıq” anlayışı fərqli mahiyyət kəsb edir. Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda könüllü proqramlar və məqsədli maliyyələşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir.

Beləliklə, informasiya açıqlığı, şəffaflıq ictimai nəzarətin vacib resursu kimi çıxış edir.

Sovet təcrübəsindən fərqli olaraq, informasiya açıqlığı, şəffaflığın təmin edilməsi ictimai iştirakçlığı real olaraq dövlətin idarəlonmasının əsas komponentlərindən birinə çevirməyə imkan yaradır.

İnformsiya açıqlığının, şəffaflığın təmin edilməsi doktrinası beynəlxalq səviyyədə Azərbaycanın da qoşulduğu Beynəlxalq Açıq Hökumət Təşəbbüsünun yaranması ilə bərqərar olub.

 

Azərbaycanda informasiya açıqlığı sahəsində qanunvericilik

 

Azərbaycanda da vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı informasiya əldə etmək hüququnun reallaşdırılması üçün zəruri normativ-hüquqi baza mövcuddur. 

İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,  “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli Qanunundan və bu Qanunun tələblərinə uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi “hər kəsin” istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququnu tanıyır.

“İnformasiya əldə etmək haqqında” Qanuna görə, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

İnformasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; həmçinin informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

Fiziki şəxslərin isə özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.

Qanunvericiliyə müvafiq olaraq, informasiya sahibləri aşağıdakılardır:

  •  Dövlət orqanları və bələdiyyələr;
  • ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər.

İnformasiya sahiblərinə bərabər tutulanlar :

  • Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər – malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;
  • Tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri – dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.

İnformasiya sahibi nə etməlidir?

  • İnformasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir;
  • Sənədlərin reyestrini aparmalıdır;
  • ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir;
  • Açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır;
  • Sorğuçuya kömək göstərməlidir;
  • İnformasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir;

“İnformsiya əldə etmək haqqında" Qanunun 29-cu maddəsində qeyd olunur ki, informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır.

Açıqlanmalı olan informasiyalar siyahısı çox genişdir və demək olar, dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar ictimai maraq kəsb edən bütün məsələləri əhatə edir.

 

Azərbaycanda informasiya açıqlığı ilə bağlı vəziyyət

 

Son illər dövlət qurumlarının informasiya açıqlığı sahəsində fəalyyəti yaxşılaşsa da, bu sahədə kifayət qədər ciddi problemlər qalmaqdadır.

Bu baxımdan Multimedia Mərkəzinin 2015-ci ildə apardığı 73 Mərkəzi icra orqanının  və 68 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin nəticələri maraq doğurmaya bilməz. Monitorinq zamanı 60  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunub.

Monitorinqin nəticələrinə əsasən, 73 mərkəzi icra qurumları üzrə orta informasiya  açıqlığı  göstəricisi  56% (2013-cü ildə 39%,  2012-ci ildə 33.5%) olub. Cari ildə 73 dövlət qurumundan  55-i informasiya açıqlığı üzrə 50%-lik həddi keçə biliblər. Yerli icra hakimiyyətləri (şəhər və rayon) üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 15 % (ötən il – 12.7 %) olub.

Monitorinqin nəticələri ilə bağlı hesabatda qyed olunub ki, yerli icra qurumların informasiya açıqlığı sahəsində ciddi problemlərin qalır. Ötən illərlə müqayisədə yerli icra orqanlarında, rayon və şəhər icra hakimiyyətlərinin rəsmi saytlarında hər hansı bir ciddi dəyişiklik baş vermədiyi bildirilib. Qeyd edilib ki, bu qurumların saytlarının hamısı bir-birini təkrarlayır, açıqlanması məcburi olan infromasiyalarn 80-90%-i rəsmi saytlarda yoxdur…

İnformasiya  açıqlığı sahəsində dövlət  qurumları arasında kəskin informasiya bərabərsizliyi olduğu da qeyd olunub. Belə  ki, 2015-ci ildə 10 ən yaxşıların açıqlıq göstəricisi 75% olduğu halda,  sonuncu yerləri tutan 10  dövlət qurumunun açıqlıq əmsalı cəmi  26%-dir.

Həmçinin hələ də açıqlanması məcburi olan informasiyaların xeyli hissəsinin Mərkəzi icra orqanlarından, xüsusilə də  yerli icra orqanlarının saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub.

Bu sahədə dövlət nəzarətini həyata keçirməli olan dövlət qurumunun da fəaliyyətinin zəif olması vurğulanıb. Yerli icra orqanlarının informasiya açıqlığı sahəsindəki mövcud vəziyyətin çox aşağı səviyyədə olması göstərilib.

 

İctimai Şuralar və informasiya açıqlığı

 

Bütün bunlar göstərir ki, ictimai nəzarət mexanizmlərinin geniş tətbiq olunması məsələlərinin aktuallaşdığı bir vaxtda dövlət qurumlarının informasiya açıqlığı xüsusi diqqətdə saxlanılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar kifayət qədər dolğun informasiya əldə edə bilməyən vətəndaşlar, vətəndaş cəmiyyəti institutları səmərli nəzarət mexanizmləri yarada bilməzlər.

Dövlət qurumlarının fəaliyyətində informasiya açıqlığının daha yaxşı təmin edilməsi işinə dövlət qurumları yanında İctimai Şuraların yaradılması prosesinin sürətlənməsi də çox mühüm töhfə verə bilər.

İctimai Şuraların əsas vəzifələrindən biri də dövlət qurumlarının fəaliyyəti, qəbul olunan qərarlar, atılan addımlar barədə cəmiyyətin daha yaxşı məlumatlandırılması, ictimai rəyin öyrənilməsi, müstəqlil ekspert dəyərləndirmələrinin təmin edilməsi və nəzərə alınmasına nail olunmasıdır. “İctimai iştirakçılıq haqqında” qanunun 2014-cü il iyunun 1-dən qüvvəyə minməsinə, Nazirlər Kabinetinin isə 30 may 2014-cü il  tarixdə "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"nin təsdiq edilməsi haqqında 171 saylı qərar qəbul etməsinə baxamayaraq, İctimai Şuraların yaradılması geniş vüsət almayıb.

İctimai Şuraların yaradılması prosesinin ləng getməsi də, öz növbəsində, həm ictimai nəzarət mexanizmlərinin geniş və səmərəli tətbiq olunması, həm də dövlət qurumlarının fəaliyyətində informasiya açıqlığının daha yaxşı təmin edilməsinə mane olur.

 

Zaur İbrahimli

Strateq.az

 

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” İB tərəfindən həyata keçirilən “İctimai nəzarət institutlarının təşviqi” layihəsi çərçivəsində dərc olunur.