XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 16:21

“Paşinyan Hitlerin, Səddam Hüseynin taleyini yaşayacaq” –Polkovnik

“Ermənistanın bu gün istifadə etdiyi “SCUD” ballistik raketləri 30-40 il əvvəl istehsal olunub və dəqiqliyi aşağı səviyyədədir”.

Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

Polkovnik deyib ki, artıq Rusiya öz döyüş-sursat anbarlarına yeni tip raketlər yerləşdirmək üçün köhnə raketləri Ermənistan kimi dövlətlərə kredit və digər yollarla verir: “300 kilometrə qədər uça bilən bu ballistik raketlər texniki imkanlarına və tiplərinə görə 150-500 metrə qədər hədəfdən yayına bilər. Bu raketlər daha çox nüvə başlıqlarının daşınması üçün nəzərdə tutulub. Nüvə başlıqları üçün isə hədəfdən 150-500 metr yayınıb-yayınmama əhəmiyyət kəsb etmir. Nüvə başlığı olmadığı halda belə raketlərdən hərbi obyektlərə qarşı istifadənin heç bir effekti yoxdur və şükür ki, Ermənistanda nüvə başlıqları yoxdur. 21-ci əsrin ballistik raketləri isə 10-20 metr arasında hədəfdən yayına bilər”.

Ş. Ramaldanov qeyd edib ki, Ermənistanın dəqiqliyi aşağı səviyyədə olan bu ballistik raketlərdən atəş açmaqda məqsədi böyük yaşayış məskənlərini hədəf seçməkdir: “Çünki bu raketlər böyük sahədə dağıntı törədir. Digər tərəfdən, ümumiyyətlə, raketlər təlimlərdə istifadə edilməli və aydın olmalıdır ki, raketlər hansı vəziyyətdədir. Məsələn, Azərbaycan Ordusuna gətirilən silah və sursatlar mütəmadi olaraq irimiqyaslı və xüsusi təyinatlı təlimlərdə tətbiq edilir, bu silah və sursatların hansı vəziyyətdə olduğu müəyyənləşdirilir. Eyni zamanda bu raketlərin saxlanılma yeri tələblərə cavab verməli, raketlərlə əlaqədar texniki işlər aparılmalıdır. Düşünmürəm ki, Ermənistanda bu sahədə mütəxəssislər olsun, eyni zamanda həmin raketlər təlimlərdə istifadə edilsin. Bu qeyri-peşəkarlığı biz bu gün görürük”.

Ermənistandan atılan ballistik raketlərin 90 faizinin Azərbaycan tərəfindən hədəf çatmamış vurulduğunu da xatırladan polkovnik nəzərə çatdırıb ki, ballistik raketlər yalnız hərbi-siyasi rəhbərliyin göstərişi ilə atıla bilər: “Başqa sözlə, Ermənistanda bu silahlar baş nazir Nikol Paşinyanın göstərişi olmadan atıla bilməzdi. Bu raketlər koordinatlarla yığılır və koordinatlarla atılır. Bu raketlər yalnız ölkələrin Ali Baş komandanlarının əmri ilə atıla bilər. Xatırladım ki, Hitler də müharibənin sonunda əlacsız qalıb “FAU-2” raketlərindən istifadə etmişdi. “FAU-2” raketləri və Ermənistanın “SCUD” raketləri dəqiqliyinə görə elə eyni səviyyədədir. Ona görə də, Hitler qoşunları bu raketlərdən hücum edən sovet ordusuna qarşı deyil, Londona, böyük şəhərə qarşı istifadə edirdilər. Yəni, ermənilər kimi, alman faşistləri də bilirdilər ki, belə dəqiqliyi çox aşağı silahdan hərbi obyektlərə qarşı istifadə mənasızdır. Məqsəd dinc əhalini vurub, insanlarda qorxu yaratmaq idi. Uduzan Hitler ordusu bu raketlərə son ümid silahı kimi baxırdı. Eyni dərəcədə uduzan Paşinyan və Ermənistan ordusu da “SCUD” raketlərinə son ümid silahı kimi baxır. Ballistik raketlərlə diktator Səddam Hüseyn Səudiyyə Ərəbistanı, İran və İsrailin dinc şəhərlərini bombalayıb. Beynəlxalq hüquqa əsasən, Nikol Paşinyanın bu addımı insanlığa qarşı cinayət əməlidir. Belə görünür ki, artıq Nikol Paşinyan da müharibədə uduzduğunu görərək ağlını itirir, Hitler və Səddamın yolu ilə gedir, yaşayış məntəqələrinə, cəbhə xəttindən uzaqda yerləşən infrastrukturlara ballistik raketlərin atılması göstərişini verir. Bu raketlərin yaşayış məntəqələrinə, mülki infrastruktura atılması qadağandır. Ancaq Paşinyan bu raketlərin böyük dağıdıcı gücünü nəzərə alaraq, məqsədli şəkildə raketlərin Azərbaycanın böyük şəhərlərinə, mühüm infrastruktur obyektlərinə atılması əmri verir. Bu da onu göstərir ki, Nikol Paşinyan tarixdə 21-ci əsrdə ən vəhşi, qaniçən dövlət xadimlərindən biri kimi qalacaq. Belələrinin yaşayacağı məlum tale isə qaçılmazdır. Paşinyan da Hitlerin, Səddam Hüseynin taleyini yaşayacaq”. (apa)